Putinlə Uitkoffun gecə görüşü - Təfərrüatlar

   Putinlə Uitkoffun gecə görüşü     - Təfərrüatlar
  14 Mart 2025    Oxunub:457
Bu gecə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu qəbul edən Rusiya prezidenti Vladimir Putin onun vasitəsilə Amerika lideri Donald Trampa məlumat çatdırıb.
AzVision.az bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib.

“Dünən axşam çox gec saatlarda Uitkoff prezident Putin tərəfindən qəbul edilib və Rusiya tərəfinə əlavə məlumat verilib. Vitkoff vasitəsilə Putin prezident Trampa məlumat və əlavə siqnallar çatdırıb”, - Peskov deyib.

Ukraynada müharibənin dayandırılması məsələsində “ehtiyatlı nikbinlik” hissinin yaşanmasına əsas olduğunu bildirən Kremlin sözçüsü Putinlə Tramp arasında söhbətin vaxtının hələ müəyyən edilmədiyini söyləyib.

- İki prezidentin danışıqlarının dəqiq vaxtı hələlik razılaşdırılmayıb. Ancaq eyni zamanda, cənab Uitkoff Moskvada aldığı bütün məlumatları öz dövlət başçısına çatdırdıqdan sonra biz söhbətin vaxtını müəyyən edəcəyik. Belə bir söhbətin hər iki tərəfə lazım olduğu anlayışı var”, - Dmitri Peskov vurğulayıb.

Rusiya sanksiyalardan yan keçməyin yeni üsulunu tapıb
Rusiya prezidentinin mətbuat katibi, həmçinin ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun ukraynayönlü mövqeyinə görə Kremlin tələbi əsasında Rusiya ilə danışıqlardan kənarlaşdırıldığı barədə məlumatı təsdiqləməyib. Onun sözlərinə görə, kimi təyin edib, kimi təyin etməmək Vaşinqtonun öz qərarıdır.

Xatırladaq ki, bununla belə, ABŞ prezidenti Donald Tramp Rusiyanın neft-qaz və bank sektoruna qarşı sanksiyaların yenidən sərtləşdirilmıəsi ilə bağlı qərar verib. Əksər ekspertlər bu qərarı Vaşinqtonun Ukraynada 30 günlük atəşkəs barədə təklifinin Moskva tərəfindən, demək olar ki, rədd edilməsi ilə əlaqələndirirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Putin   Uitkoff   görüş  





Xəbər lenti