Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu” layihəsinin yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

   Yusif Cabbarov:    “Rəqəmsal İpək Yolu” layihəsinin yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək
  14 Mart 2025    Oxunub:438
NEQSOL Holding “Rəqəmsal İpək Yolu” (“Digital Silk Way”) layihəsinin mühüm hissəsi olan Transxəzər fiber-optik kabel xəttinin tikintisi üzrə tender proseslərinin uğurla başa çatdığını və tikintinin birinci mərhələsinin başlandığını elan edir.
Transxəzər kabel xətti layihəsi, NEQSOL Holding-in tərkibinə daxil olan Azərbaycanın magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən Qazaxıstanın milli telekommunikasiya operatoru “Kazakhtelecom” ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.
Bu strateji layihə Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xəttinin tikintisini nəzərdə tutur. Bu xətt Azərbaycanın Sumqayıt və Qazaxıstanın Aktau şəhərlərini birləşdirəcək, yüksəkhəcmli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısını təmin edəcək.

“Transxəzər kabel xətti “Rəqəmsal İpək Yolu” layihəsinin mühüm hissəsidir. Bu layihə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan daxil olmaqla bir sıra ölkələrdən keçən rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutur”, NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov qeyd edib.

““Rəqəmsal İpək Yolu”nun infrastrukturu yüksəksürətli məlumat ötürmə imkanı sayəsində Avropa və Asiya arasında ən optimal və qısa marşrutun yaradılmasını təmin edəcək. Bu, regional əməkdaşlığın güclənməsinə və region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək. Bu layihəni həyata keçirən və bütün region üçün tarixi bir nailiyyətə imza atan komandamızla böyük qürur duyuram”, – deyə Yusif Cabbarov əlavə edib.

Transxəzər kabel xəttinin tikintisi bir neçə mərhələdə həyata keçiriləcək. Bu mərhələlərə sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, yüksək keyfiyyətli və davamlı kabellərin layihələndirilməsi və istehsalı, onların daşınması və quraşdırılması daxildir. “AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.

NEQSOL Holding haqqında

NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Qrup dünyada 25 milyondan çox müştəriyə xidmət göstərir. Əlavə məlumat üçün: https://www.neqsolholding.com

AzerTelecom haqqında

“AzerTelecom” . Azərbaycanın aparıcı telekommunikasiya şirkətidir, topdansatış operatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal və digər xidmətlər təqdim edir. “AzerTelecom” müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding-in tərkibində olan “Azerconnect Group”a daxildir.

Kazakhtelecom haqqında

Kazakhtelecom Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.

AzVision.az



Teqlər:





Xəbər lenti