Gözlərə nur bəxş edən dahi qadın, oftalmologiyamızın mirvarisi - Zərifə Əliyeva

   Gözlərə nur bəxş edən dahi qadın, oftalmologiyamızın mirvarisi -    Zərifə Əliyeva
  10 Dekabr 2023    Oxunub:1467
Bu gün texnologiya və cihazlar, şübhəsiz ki, bizə fərqli imkanlar təqdim edir, həyatımızı bir çox sahədə asanlaşdırır. Lakin təbii dünyanın gözəlliyini və kompleksliyini tam olaraq hiss etmək üçün insan gözü və görmə sistemini heç bir şey əvəz edə bilmir. Təbiət və ətraf aləmin rəngarəngliyi, canlılığı bizim gözlərimizdə gözəl görsənir. Amma hər kəs o qədər də şanslı olmaya bilər. Mənim kimi...
Özümü tanıyandan hər zaman ətrafı gözəl çalarları ilə görənlərdən olmuşam. Amma bir yaşa qədər... Məktəb illərində artıq gözümün zəiflədiyini hiss etməyə başladım. Təbiətin rəngləri daha canlı deyil, bulanıq görsənirdi. Valideynlərim müayinə üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə aparıb, müayinədən keçirdilər. Rəngləri yenidən canlı görmək üçün eynək taxmalı idim. Eynəyi sevməyən biri olaraq bununla heç cür razılaşa bilmirdim. “Bir gün mən eynəksiz yenə görə biləcəmmi?” sualı beynimdə fırlanırdı. Beləliklə, oftolmologiya sahəsində baş verən yenilikləri, son texnologiyaları, uğurlu əməliyyatları araşdırmağa başladım. İlk diqqətimi çəkən isə Akademik Zərifə Əliyeva oldu. Belə ki, klinikanın adını daşıdığı şəxsin tibbə verdiyi töhfələr məni cəlb etməyə bilməzdi. Həmin dövrdə kitablardan əldə etdiklərim gələcəkdə öyrənəcəklərimin yanında sadəcə balaca bir nağıl idi. Amma o nağıl mənə doğma idi. Çünki bizi birləşdirən bir dəyər var idi. Mən gözlərimin nurunu yavaş-yavaş itirən bir xəstə, o isə bu sahədə böyük irəliləyişlərin olması üçün gecə-gündüz çalışan bir həkim idi. O həkim ki, texnikanın, texnologiyanın bu qədər sürətli inkişaf etmədiyi bir dövrdə insan həyatına rəng qatmağa, onu canlandırmağa çalışırdı.

62 il ömür sürməsinə baxmayaraq, Zərifə Əliyeva Azərbaycan tibb elmində silinməz izlər qoyub. Onunla bağlı yazılanları oxuduqca gözümün qarşısında mənəvi kamilliyin uca zirvəsinə yüksəlmiş görkəmli elm fədaisinin nurlu çöhrəsi canlanır. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Ziyalı ailəsində doğulan, ətrafında hər zaman tanınmış, görkəmli şəxsiyyətlər olmuş Zərifə xanım bütün həyatını sıravi vətəndaşların həyat sağlamlığına sərf edib. Zərifə Əliyevanın bütün bu illər ərzində həkim olaraq bu qədər sevilməyi təsadüfi deyil.



Azərbaycanda traxomanın bir xəstəlik kimi ləğv olunması Zərifə Əliyevanın adı ilə bağlıdır.

1950-ci illərdə respublikada göz xəstəlikləri geniş yayılmış traxoma tüğyan edirdi. Belə bir zamanda Zərifə Əliyeva Moskvadan Vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Beləliklə, gənc tədqiqatçı elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olur. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapıb və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olunub.

Zərifə Əliyevanın fəaliyyəti bununla kifayətlənməyib. Sonrakı illərdə o, oftalmologiya elminin digər mühüm istiqamətləri üzrə tədqiqatlar həyata keçirib. Onun diqqət yetirdiyi aktual məsələlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi, görmə orqanının patologiyası da xüsusi yer tutub. Lakin o, tədqiqatlarla da kifayətlənməyib, pedoqoji fəaliyyət sahəsində uğurlara imza atıb. Zərifə Əliyeva dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlib və Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olub.

Xalqımızın Ümummilli lideri Heydər Əliyev xatirələrində qeyd edirdi: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə elə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.


Zərifə Əliyeva şəxsiyyəti, tibdə fenomenallıq və Azərbaycan oftalmologiya elmi

Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə 1981-ci ildə Zərifə Əliyeva ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. O, həmin mükafata layiq görülən ilk alim qadın idi.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Akademik Zərifə Əliyevanın zəngin irsi, tibb elminin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

“Təkcə ona görə yox ki, Zərifə xanım göz həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsi idi. Elə bir işıq ki, bu işıqdan hər kəsə pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara…"

Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf edib, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırıb.


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Zərifə Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur.
Ölkəmizdə XX əsrin 1-ci yarısına qədər daha çox terapiya və cərrahiyə sahələrinin inkişaf etdiyini vurğulayan AMEA rəhbəri məhz Zərifə xanımın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrildiyini diqqətə çatdırıb.


Milli Məclisin Səhiyyə Komitəsinin sədri, deputat, akademik Əhliman Əmiraslanov qeyd edib ki, böyük alim, ictimai-siyasi xadim olmaq üçün ilk növbədə, öz sahəsinin yüksəkixtisaslı mütəxəssisi, peşəkarı olmaq zəruridir:

“Zərifə Əliyeva həkimlik fəaliyyətinə başladığı ilk illərdən on minlərlə insanın görmə qabiliyyətinin bərpa olunmasında əvəzsiz rolu olub, qlaukomanın yeni müalicə üsullarını təklif etməsi ilə minlərlə insanı bu xəstəlikdən xilas edib”.

Akademikin sözlərinə görə, görkəmli alim Zərifə Əliyeva öz elmi fəaliyyətində oftalmologiyanın ən çətin və az müraciət olunan sahələri üzrə tədqiqatlar aparıb və əhəmiyyətli uğurlar qazanıb: “Zərifə xanımın həmin dövr üçün yeni sahələr olan tibbi etika və deontologiyaya dair tədqiqatları təkcə tibbə deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edilib. Sovet dövrünün bu sahə üzrə mütəxəssisləri də Zərifə Əliyevanın bu sahədə apardığı tədqiqatları yüksək qiymətləndirib”.


Əminliklə deyə bilərik ki, Azərbaycan oftalmologiyasının bugünkü inkişaf səviyyəsi Zərifə Əliyevanın adı ilə bağlıdır. Dayanmadan gecə-gündüz çalışan, araşdırmalar aparan Zərifə xanım özündən sonrakı nəsillər, oftalmoloqlar üçün bir cığır açıb. Zərifə xanımın izləri ilə gedən hər bir həkim-oftalmoloq bu gün öz sahəsinin peşəkarına çevrilib və dünyada tanınır.

Həmin həkim-oftalmoloqların yiyələndiyi bilik, eləcə də tibbin, texnologiyanın inkişafı nəticəsində edilən uğurlar nəticəsində bu gün yüzlərlə şəxs vaxtında göz müayinəsindən keçir, əməliyyat olunur və sağlamlıqlarına qovuşur. Bütün bunlar isə Akademikin adını daşıdığı Mərkəzdə icbari tibbi sığorta çərçivəsində tam ödənişsiz həyata keçirilir. Hətta uzun illər dünya işığından məhrum xəstələr də buynuz qişa əməliyyatı olaraq yenidən həyata canlı rənglərlə baxırlar. Belə ki, bu sahədə uğurların davamı olaraq Prezident İlham Əliyevin “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanına əsasında Azərbaycan gözün buynuz qişasının gətirilməsinə icazə verildi. 2017-ci ildən isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində buynuz qişa transplantasiyası əməliyyatlarına başlanıldı və bu gün də uğurla icra olunur.

Elm aləmində nadir istedadlı elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. Məhz Zərifə Əliyeva kimi... Onun çoxillik müşahidələri, klinik tədqiqatları və eksperimentləri, elmi tədqiqatları nəticəsində bu gün Azərbaycan oftalmologiyası çox yüksək inkişaf dövrünü yaşayır.

Aytən Bağırova
Yazı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti