Misir mətbuatı prezidentin Praqa səfərindən yazdı

Misir mətbuatı prezidentin Praqa səfərindən yazdı
  29 Aprel 2014    Oxunub:1178
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramının beş illiyinə həsr olunmuş Praqa zirvə görüşündəki çıxışı Azərbaycanın Misirdəki səfirliyinin bəyanatı əsasında bu ölkənin bir sıra aparıcı kütləvi informasiya vasitələrində yayılıb.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Misirin Yaxın Şərq Xəbərlər Agentliyində, “Əl-Youm Əs-Sabi”, “Albawabhnews”, “Akhbarak”, “El5abar” və “Shorouknews” internet resurslarında Prezident İlham Əliyevin çıxışındakı əsas məqamlardan bəhs olunub.

Məqalələrdə bildirilir ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Aİ ölkələri arasındakı əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib, son beş ili Avropa təsisatları ilə daha yaxın əlaqələrin qurulması baxımından çox əhəmiyyətli hesab edib. Azərbaycan Prezidentinin zirvə görüşündə dediyi “Azərbaycan ötən beş il ərzində siyasi və iqtisadi islahatlar həyata keçirmiş, bu beynəlxalq təşkilata üzv olan dövlətlərlə çox konstruktiv və geniş əlaqələr qurmuşdur” fikri yer alıb.

Yazılarda, həmçinin Prezident İlham Əliyevin “Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır. Bu baxımdan Avropa İttifaqının nümunəsi yaxşı nümunədir” fikirləri də əksini tapıb.

Dövlətimizin başçısının zirvə görüşündəki bu sözləri sitat kimi verilib:
“Azərbaycan iqtisadiyyatı son on ildə islahatlar nəticəsində dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrilmişdir. Azərbaycan dövləti ölkədə işsizliyi və yoxsulluğu aradan qaldıra bilmişdir. Yoxsulluq Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir”.

Məqalələrdə Prezident İlham Əliyevin Avropa ilə Azərbaycan arasında sıx əməkdaşlığın davam etdirilməsi zərurəti barədə dediyi sözlər də diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan Prezidentinin fikrincə, bu tərəfdaşlıq elə davam etdirilməlidir ki, qarşılıqlı faydalı və mühüm layihələri uğurla həyata keçirmək mümkün olsun.

Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli və ədalətli mövqeyi barədə sözlərində də yazılarda sitat gətirilib.


Teqlər:





Xəbər lenti