Şahdağa 50 min turist səfər edib

Şahdağa 50 min turist səfər edib
  02 Aprel 2013    Oxunub:1783
Ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm bazasının yaradılması və mövsümlük anlayışının aradan qaldırılması zərurəti yaranıb
AzVision.az-a bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bu məqsədə nail olmaq üçün isə Azərbaycan Respublikasındakı Şahdağ qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənəcək. Kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılmış və 2009-cu ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə bu kompleksin təməli qoyulmuşdur. Kompleksin tikintisi zamanı ölkə başçısının görülən işlərlə yerində tanış olması məqsədilə həyata keçirdiyi səfərlər dövlət tərəfindən turizmə göstərilən qayğının bariz nümunəsidir.

Şahdağ qış-yay turizm kompleksi Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Şahdağ qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilmiş, yeni körpülər salınmış, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilmiş və digər müvafiq işlər görülüb. Kompleksin ərazisi ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Bu turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdəki yaylaqda yerləşir. Kompleksin 2058 hektar ərazisi var. Azərbaycanda və ümumiyyətlə dünyada ən mükəmməl layihələrdən biri olan Şahdağ qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açıb.

Şahdağ qış-yay turizm kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Ölkə Prezidenti İlham Əliyev Qusar rayonuna səfəri çərçivəsində 20 dekabr 2012-ci il tarixində Şahdağ qış-yay turizm kompleksinə daxil olan "Qaya" və "Zirvə" mehmanxanalarının açılışında iştirak edib.

"Şahdağ" Qış-Yay Turizm Kompleksi tikintisinin 1-ci fazası üzrə işlərin əsas həcminin bitməsi ilə əlaqədar 20 dekabr 2012-ci il tarixində bir sıra obyektlərin açılışı olmuşdur. "Zirvə" otelində - 40 nömrə, personal üçün 3 otaq, restoranlar, bar, kafe, pab, bilyard zalı, mağazalar, konfrans zalı, xizək avadanlıqlarının icarəsi, xizək məktəbi, tibb məntəqəsi, avtomobil dayanacağı və sair obyektlər mövcuddur. "Qaya" otelində isə 62 nəfər turistin yaşayışı üçün nəzərdə tutulan 26 nömrə, fitnes klubu, restoran, bar, kafe və sair obyektlər mövcuddur. Kompleksdə xizək enişlərinə qalxmaq üçün 4 ədəd asma kanat yolu və xüsusi olaraq kiçik yaşlı xizək sürənlər üçün xalı-yolu mövcuddur. Kompleksdə olan kanat yolları müxtəlifdirlər - kürsülü, buqelli, gələcəkdə isə qondolalı kanat yolları da quraşdırılacaq. Xizək enişləri bir neçə çətinlik dərəcəsinə hesablanmışdır bunlar uşaqlar, yeni başlayanlar və peşəkarlar üçündür. Bütün eniş zolaqlarında süni qarın hazırlanması üçün generatorlar xidmət göstərir. Kompleksin inşası bir neçə mərhələdə aparılacaq. 2013-cü ilin birinci yarısında "Şahdağ"-ın daha bir 4 ulduzlu otelinin qonaq qəbuluna hazır olması planlaşdırılır. Onun daxilində 2 VİP suit və prezident apartamentləri daxil olmaqla müxtəlif kateqoriyalı 173 nömrə, müxtəlif tədbirlərin keçirilməsi üçün 3 konfrans zalı, 6 restoran, SPA mərkəzi, üzgüçülük hovuzu, uşaq bağçası, xizək avadanlığının icarəsi, xizək məktəbi, yeraltı dayanacaq və sair obyektlər fəaliyyət göstərəcək.

Bildiyiniz kimi, Azərbaycanda qış turizminin yaradılması və inkişaf etdirilməsi məqsədilə Kompleksinin ilkin mərhələdə istifadəyə verilmiş hissəsində cari ilin 19 yanvar tarixindən qonaqların qəbuluna başlanılıb.

Fəaliyyətə başladığı gündən etibarən təxminən 50 000-ə (əlli minə) yaxın yeri və əcnəbi turist kompleksə səfər edib.
Kompleksdə keyfiyyətli xidmət göstərilməsinin təmin olunması üçün qrup hallında kompleksə turist göndərəcək şirkətlər üçün sifarişlərin qəbul olunması üçün 11 fevral tarixindən Bakı Turizm İnformasiya Mərkəzində "Call Center" məlumat və sifariş mərkəzi yaradılmış və fəaliyyətə başlanıb.

Qış mövsümünün başa çatdığını nəzərə alaraq, cari ilin 31 mart tarixindən etibarən Kompleksdə qış mövsümü ilə bağlı müvafiq xidmətlərin fəaliyyəti növbəti qış mövsümünədək dayandırılıb.


Teqlər:  





Xəbər lenti