“Qaçqınlar aksiya keçirməyib”

“Qaçqınlar aksiya keçirməyib”
  02 Aprel 2013    Oxunub:1761
BDU-nun yataqxanasında etiraz edən şəxslərin məcburi köçkün olmayan vətəndaşlarla ailə quran köçkünlər olduğu bildirilir.
“Bu gün qaçqınların etiraz aksiyası olmayıb. Sadəcə orada yaşayan bəzi vətəndaşlar var ki, onlar məcburi köçkün olmayan vətəndaşlarla ailə qurur və mənzil iddiası edirlər. Belə ki, həmin vətəndaşlarla ailə qurduqdan sonra mənzil üçün nikahlarını süni şəkildə ləğv edirlər və mənzil istəyirlər”. Bu isə xüsusi komissiya tərəfindən araşdırılır”.

Bu sözləri AzVision.az-a “Qaçqınkom”un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Bakı Dövlət Universitetinin yataqxanasından çıxarılan məcburi köçkünlər aksiya keçirməsi ilə bağlı xəbərə münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, bu işə baxılması üçün xüsusi komissiya yaradılıb: “Mənzil köçürməsi mürəkkəb məsələdir. Yaradılan komissiya da qanunvericiliyə uyğun olaraq bütün müraciətlərə cavab verir, məsələni aydınlaşdırır”.

Elçin Qədimov bildirir ki, sakinlərin köçürülməsi iki mərhələdə aparılır: “Birinci mərhələdə bütün sənədləri qaydasına olanlar evlərə köçürüldü. İkinci mərhələdə isə sənədləri yerində olmayanların məsələlərinə baxılır. Onu da diqqətə çatdıraq ki, mənzillər ailə tərkibinə görə verilir. Ailə tərkibi burada əsasdır. Həm də mənzil, bina, mərtəbə - hamısı icmaların müşahidəsi ilə püşkatma yolu ilə paylanır”.

Qeyd edək ki, bu Bakı Dövlət Universitetinin yataqxanasından çıxarılan məcburi köçkünlər aksiya keçiriblər. Universitetə məxsus 5 nömrəli yataqxanadan çıxarılan 40-a yaxın ailə etiraz əlaməti olaraq yaxınlıqdakı yolları bağlayıblar.
Məlumata əsasən, köçkünlərin aksiya keçirməsinə səbəb yeni tikilən qəsəbələrdə müxtəlif bəhanələr gətirilərək onlara ev verilməməsi olub. Əraziyə xeyli sayda polis cəlb olunub və aksiyanın qarşısı alınıb.

Sevinc


Teqlər:  





Xəbər lenti