Paşinyanın gizli elçiliyi: Ermənistan Türkiyəyə nə təklif edə bilər? – TƏHLİL

      Paşinyanın gizli elçiliyi:    Ermənistan Türkiyəyə nə təklif edə bilər? –    TƏHLİL
  21 Sentyabr 2021    Oxunub:4673
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu Yorkta keçirilən 76-cı toplantısına yola düşərkən Atatürk hava limanında keçirdiyi mətbuat konfransı zamanı ekspertləri düşünməyə vadar edəcək maraqlı bir sual da ortaya qoydu. Paşinyanın Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhlizin açılmasına icazə verməyəcəyinə dair bəyanatına münasibət bildirərkən Ərdoğan, “bir tərəfdən bunu deyib, digər tərəfdən mənimlə görüş arzu etməsi hər halda, düşündürücüdür” söylədi.
Doğrudan da, Zəngəzur dəhlizinin açılmasına icazə verməyəcəyini deyən, Azərbaycanla sülh müqaviləsi imzalmağa tələsməyən erməni baş nazir nə üzlə Türkiyə prezidentinə görüş ismarıcı göndərir? Və diplomatik münasibətlərin bərpası müqabilində nə təklif edə bilər ki, Ankara Zəngəzur dəhlizinin açılmamasına göz yumub, İrəvanla münasibətləri bərpa etmək qərarına gəlsin?
Qarabağ meydanı: ABŞ oyuna daxil olur – TƏHLİL

Öncə qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılması özlüyündə Ermənistanın maraqlarına uyğundur. Güman ki, Paşinyan ənənəvi olaraq qorxaq və ikiüzlü diplomatiyasının tərkib hissəsi kimi aldadıcı fəndə əl atıb. Çünki Zəngəzur dəhlizinin açılacağını elan edib, ardınca Türkiyə prezidentilə görüşmək istəyini söyləmək ilk növbədə ictimai rəyin Paşinyana qarşı çevrilməsi, həm də, regionda yaranmış kifayət qədər mürəkkəb şəraitdə Rusiya ilə İranın ciddi təzyiqlərilə üzləşəcəyi anlamına gəlir. Bu təhlükələri nəzərə alan Paşinyan Rusiyanın şübhələnməməsi üçün bir tərəfdən anti-Zəngəzur bəyanatı verir, digər tərəfdən isə Ərdoğanla görüşmək üçün gizli danışıqlar aparır.


Eyni zamanda, Paşinyan onsuz da yerinə yetirməli olduğu 10 noyabr bəyanatındakı Zəngəzur dəhlizinin açılması şərtinin icrasını yubatmaqla dəhlizin açılmasında Türkiyənin maraqlı olduğunu nəzərə alaraq, bundan Ankara ilə danışıqlarda əlavə təsir rıçaqı kimi istifadə etməyə çalışa bilər. Ancaq Ərdoğanın danışıqların başlaması üçün ilkin şərt olaraq Zəngəzur dəhlizilə bağlı müsbət addımların vacib olduğunu qeyd etməsi bəri başdan bu ssenarinin üzərindən xətt çəkir.

Ərdoğanın erməni baş nazirin gürcüstanlı həmkarı Qaribaşvillinin vasitəçiliyilə ona görüş təklif etdiyini açıqlamasının altında Paşinyanın Rusiya prezidenti Vladimir Putinə etibarsızlığını nümayiş etdirmək məqsədi dayana bilər. Hər halda, Amerika səfərindən sonra Rusiyaya yollanan Ərdoğanın Putinlə gerçəkləşdirəcəyi Soçi görüşündə bu məqam iki liderin münasibətlərinə səmimiyyət qatmaqla yanaşı, Yerevanın Kremlin gözündəki çəkisinə də mənfi mənada təsir göstərəcək.

Qayıdaq əsas məsələyə. Paşinyan Ərdoğandan nə istəyəcək və əvəzində nə təklif edə bilər?

Söhbət ondan gedir ki, Ermənistan Cənubi Qafqazın regional və qlobal güc mərkəzlərinin əsas mübarizə meydanına çevrildiyinin fərqindədir. Bu mübarizənin bir tərəfində Amerikanın patronajlığı ilə Azərbaycan-Türkiyə-Pakistan bloku dayanırsa, digər tərəfində Rusiyanın rəhbərlik etdiyi və İranın əsas tərəfdaş olduğu “şiə oxu” ölkələri durmaqdadır. Bu qlobal çəkişmədə böyük güc mərkəzlərinin öz maraqları olmaqla yanaşı, regional oyunçuların da öz maraqları var.

Regiondakı münaqişəli vəziyyət isə sadəcə olaraq, qarşıduran tərəflərin güc nümayiş etdirmələrinə şərait yaradan platsdarm rolunu oynayır. Bu baxımdan, İranın Azərbaycanla sərhəddə hərbi qüvvələrini yerləşdirməsi birmənalı olaraq Azərbaycanın iki iranlı sürücünü həbs etməsi ilə bağlı deyil, əslində, yavaş-yavaş hərbi təlim və təsir arealı genişlənən Azərbaycan-Türkiyə-Pakistan triosuna qarşıdır. Və regionda istənilən gərginliyin yaranması digər ölkələrlə yanaşı, Ermənistana da birbaşa təsir edəcək. Buna görə, İranın regionda güc nümayiş etdirməsi ermənipərəstlərin ürəyincə olsa da, əslində Ermənistanın maraqlarına ziddir.


Yerevan qlobal güc mərkəzlərinin regionda apardığı mübarizədə qaliblərin tərəfini seçmək istəyir ki, sonrakı mərhələdə tərəflər öz maraqlarına nail olduqdan sonra oyundan zərərlə çıxmasın. Artıq ikili siyasətin Yerevanın xeyrinə olmadığını anlayan Paşinyan seçim etmək məcburiyyətindədir, ancaq bunu həyata keçirməkdən ehtiyatlanır. Buna görə Paşinyan Zəngəzur dəhlizinin açılması və Azərbaycanla sülh sazişinin imzalanmasına görə üzləşə biləcəyi Rusiya və İranın təzyiqlərindən qorunmaq üçün Türkiyənin, dolayı yolla isə Amerikanın dəstəyini qazanmağa çalışır.

Güman etmək olar ki, Ərdoğanın Amerika səfəri öncəsi Gürcüstanın Batum şəhərində Paşinyanın Türkiyənin təmsilçilərilə keçirildiyi ehtimal olunan məxfi görüşdə Ermənistanın baş naziri məhz bu mövqeyi ortaya qoyub.


Yerevanın mövqeyini qəlizləşdirən digər məqam isə Vaşinqtonla təmasları üçün özünə vasitəçi, həmçinin, Qərbdə öz maraqlarının əsas lobbist kimi seçdiyi Fransanın ABŞ və Böyük Britaniya ilə münasibətlərinin Avstraliyaya silah sifarişi səbəbindən korlanmasıdır. Belə vəziyyətdə Ermənistanın Vaşinqtonla yaxınlaşması üçün vasitəçi qismində Türkiyəyə müraciət etməkdən başqa çıxış yolu qalmır.

Tofiq Vahid
Azvision.az


Teqlər:   Ermənistan   Türkiyə   Paşinyan  





Xəbər lenti