Sem dayının kassası: Əfqanıstanda trilyonlar nəyə xərclənib – TƏHLİL

      Sem dayının kassası:    Əfqanıstanda trilyonlar nəyə xərclənib –    TƏHLİL
  08 Sentyabr 2021    Oxunub:8360
Bəşər taxrixini daim müşaiyət edən müharibələrlə bağlı bir məşhur kəlamda deyilir: «Kiməsə müharibədir, kimin üçünsə doğma ana». Son illərdə şahidi olduğumuz müharibələrin acı nəticələri və onlara xərclənən fantastik vəsaitlərlə bağlı maliyyə fırıldaqları barədə üzə çıxan faktlar bu acı həqiqəti bir daha təsdiqləyir.
Müdriklər deyiblər ki, müharibə çox bahalı “əyləncə”dir. Əlbəttə ki, burada söhbət ilk növbədə insanların həyatından getsə də, törədilən dağıntılar, iqtisadiyyata vurulan zərbə, müharibənin aparılmasına və sonrakı bərpa işlərinə sərf olunan vəsait də nəzərdə tutulur. Amma elə bir nümunə varmı ki, böyük pulların dövr etdiyi məsələlərdə, o cümlədən də, müharibələrdə hər zaman ələ düşməyən fürsətdən yararlanmağa çalışmayan adamlar və ya qüvvələr olmasın?!

Hazırda beynəlxalq ictimaiyyəti 20 illik hərbi müdaxilədən sonra ABŞ-ın ildırım sürətilə Əfqanıstanı tərk etməsinin əsl səbəbləri və bu ölkənin gələcəyi yox, həm də Vaşinqtonun bir trilyon dollardan çox pulu niyə və necə xərcləməsi də çox düşündürür. Digər sual isə belə müharibələrə və misilsiz xərclərə ABŞ-ın hansı məntiqlə getməsidir.

Braun universitetinin hesablamalarına görə, ABŞ-ın Əfqanıstanda apardığı müharibəyə və Pakistanda həyata keçirdiyi əməliyyatlara sərf etdiyi vəsait əslində 2,3 trilyon dollar civarındadır və bu xərclər getdikcə artacaq. Çünki, veteranlara veriləcək ömürlük müavinətlər və müharibə üçün götürülən borclar üzrə ödəniləcək faizlər bu rəqəmə daxil deyil. Ümumilikdə isə 2001-ci il sentyabrın 11-dən bəri ABŞ apardığı bütün hərbi əməliyyatlara 6,4 trilyon dollar xərcləyib ki, bunun da əsas hissəsi alınan borcların hesabınadır. Bu cür nəhəng borc yükü büdcə kəsirinin və dövlət borcunun artması, istehlak kreditlərinin bahalaşması kimi neqativ makroiqtisadi nəticələrə gətirib çıxarıb. Hesablamalar görə, 2050-ci ilə bu borclar üzrə faiz ödəmələrinin həcmi 6,5 trilyondan artıq olacaq. Belə yerdə deyiblər ki, astarı üzündə baha başa gələcək. Amma bu müharibələrdə külli miqdarda mənfəət götürənləri yəqin ki, belə acınacaqlı gələcək heç zərrə qədər də narahat etmir.

Söhbətin nələrdən və kimlərdən getdiyinə aydınlıq gətirək. Mərkəzi Kəşiyyat İdarəsinin istefada olan zabiti, 2001-ci il sentyabrın 11-i hadisələrindən sonra ABŞ-ın Pakistandakı anti-terror əməliyyatlarının sabiq rəhbəri Con Kiriakunun iddiasına görə, Vaşinqtonun Əfqanıstandakı müharibəyə və "demokratikləşmə" prosesinə xərclədiyi vəsaitin böyük hissəsini bu ölkədə hökm sürən korrupsiya “yeyib”. Onda amerikalıların birbaşa diqtəsi ilə formalaşdırılan dövlət idarəçiliyi qurumlarının ünvanına səsləndirilən saysız-hesabsız publik difiramblar kimin sifarişi idi? Axı həmin pullaın mənmsənilməsi mexanizmi məhz bu qurumalrın vasitəsilə həyata keçirilib. Yəni doğrudanmı, bütün dünyaya nəzarət edən ABŞ-ın bu prosesi nəzarətə götürməsi belə müşkül məsələ idi, yoxsa elə Vaşinqtondakı bir çox «böyük dayılar» bu sistemin müəllifləri və ən çox qazanan iştirakçılarıdırlar?


Əks halda, Vaşinqtonun xeyir-duası ilə zor-xoş Əfqanıstanın prezidenti kreslosuna əyləşdirilmiş Əşrəf Qaninin 169 milyon dollarla ölkədən qaçmasına ABŞ-ın heç bir reaksiya vermədiyini nə ilə izah etmək olar? Yeri gəlmişkən, qaça-qaçda Əşrəf Qani hətta daha dörd maşın pulu helikopterə sığışdıra bilməyib. Onun məhz ABŞ-ın və NATO-nun təmsilçiləri ilə məsləhətləşmələrdən sonra bu qədər pulla təcili ölkəni tərk etməsi, razılaşın ki, çox müəmmalardan xəbər verir. Maraqlıdır ki, Əşrəf Qaninin pənah aparacağı ölkənin ABŞ olacağı bildirilir, hərçənd o, hələlik BƏƏ-də məskunlaşıb. Şübhəsiz ki, amerikalı havadarları üçün ölkədən çıxardığı hər dollara görə ondan hesabat istəniləcək.

Bununla yanaşı, «Taliban»ın hakimiyyəti ələ keçirməsini əsas gətirən Vaşinqton Əgqanıstanın ABŞ-dakı ehtiyat aktivlərini dondurub. Liviyanın altını-üstünə çevirməzdən əvvəl bu ölkənin Qərbdəki banklarda yerləşdirilmiş rəsmi vəsaitlərinin və prezident Müəmmar Qəzzafinin ailəsinə mənsub olduğu iddia edilən nəhəng həcmli aktivlərin dondurulmasını və onlarla bağlı bir sıra qalmaqalları yada salmırmı bu addım? Əksər ekspertlərin və şahidlərin söylədiyinə görə, Liviyanın üst-üstə 340 milyard dollar civarında vəsaiti bu ölkəni viran qoyan ölkələr tərəfindən həzmi-rabedən keçirilib. Hələ neçə illər ərzində Liviyadan, o cümlədən də, elə İraqdan nə qədər varidatın və neftin tar-mar edilərək çıxarıldığı bir tərəfə qalsın... Yoxsa Əfqanıstan bu baxımdan istisna təşkil edir? Əsla.

Uzağa getməyək, yalnız ABŞ-ın fərdi hərbi şirkətlərinin fəal iştirakı ilə Əfqanıstandan çıxarılan qanunsuz narkotik maddələrin dəyərinin milyardlarla dollar civarında olduğunu sübuta yetirən kifayət qədər dəlil-sübut var. Hər sentin qədrini bilən Vaşinqton o qədər də sadəlöhv deyil ki, 6,4 trillion dolları havaya sovursun. Hələ bu başqa məsələdir ki, həmin pulların neçə faizi siyasi isteblişmentdə, kəşfiyyat idarələrində və Pentaqonda öz oyunlarını aparan funksionerlərin korrupsiya mexanizminin güdazına gedib. 2015-ci ildə Suriyada silahlı müxalifətin dəstəklənməsi və məşqləri üçün Pentaqonun 500 milyon dollarlıq bir proqrama başlaması və təxminən il yarımdan sonra ona xitam verməsi ətrafında yaşanan qalmaqal hələ yaddaşlardan silinməyib. Proqramın nəticələrindən belə aydın oldu ki, həmin yarım milyard dollara ABŞ Suriyada nə az, nə çox, cəmi-cümlətanı... 5 silahlı müxalifətçi hazırlayıb. Buna həqiqətən də 500 milyon dolların xərcləndiyinə hansı sağlam düşüncəli adam inanar? Deməli...

Nəticə etibarilə, Vaşinqtonun belə müharibələrə rəvac verməsinin və bunun üçün külli miqdarda vəsait ayırmasının arxasında bir neçə məqsədin gizləndiyini söyləmək olar.
Əvvəla, ABŞ-ın siyasi isteblişmentinin, kəşfiyyat idarələrinin və müdafiə nazirliyinin ayrı-ayrı təmsilçiləri korrupsiya mexanizmləri vasitəsilə ayrılan vəsaitin xeyli hissəsinin mənimsənilməsində iştirak edirlər.
İkincisi, hərbi müdaxiləyə məruz qalan ölkələrin varidatı və təbii sərvətləri nəzarətsiz şəkildə talan edilir.
Üçüncüsü, bu müharibələrin aparılması kontekstində ABŞ-ın hərbi-sənaye kompleksi böyük həcmli dövlət sifarişləri almaq imkanı qazanır. İstehsal olunan silah-sursatın bir hissəsi müxtəlif yollarla hətta qarşı tərəfə satılır. Bu baxımdan, Əfqanıstanı tərk edərkən, amerikalıların böyük miqdarda silahı və hərbi texnikanı taliblərə qoyub getməsi yəqin ki, təsadüfi deyil.

Dördüncüsü və ən əsası isə, belə xərclər ABŞ-ın dollar istehsalına, bəli, məhz istehsalına, təkan verir ki, bu da son nəticədə dünya iqtisadiyyatının ABŞ-ın milli valyutasından daha da asılı vəziyyətə düşməsinə səbəb olur. Belə ki, getdikcə artan maliyyə öhdəliklərini yerinə yetirmək üçün Vaşinqton dollar kütləsinin həcmini dayanmadan artırmalıdır. Dünyanın vahid ehtiyat valyutası rolunu oynayan ABŞ dollarının artan kütləsi qlobal iqtisadiyyata axmaqla, demək olar ki, bütün ölkələri ABŞ iqtisadiyyatının girovuna çevirir. Başqa sözlə desək, ABŞ təminat imkanları sabun köpüyü kimi şişirdilmiş milli valyutasını sərfəli ixracat əmtəəsinə çevirməklə, dünya iqtisadiyyatını əsir götürüb. Trilyonlarla vəsaitin xərcləndiyi müharibələrin ABŞ-a qazandırdığı ən böyük iqtisadi qazanc məhz budur.

Sahil İsgəndərov, politoloq
Azvision.az


Mövzu ilə bağlı digər materiallar:

“Taliban” daha nələrə Kabildir: Dünya sürprizlərə hazırlaşır – TƏHLİL
Dörd divar arasında: Dünya əfqan qaçqınlarından qorunmağın yollarını axtarır
Əfqanıstandan qaçqın axını Rusiya üçün də təhlükədir - Qırğız politoloq (Eksklüziv)
Cəhənnəmdən qaçış yoxdur: Əfqan miqrantları nə gözləyir – TƏHLİL
"Taliban" Mərkəzi Asiyaya müdaxilə etsə, Rusiya necə davranacaq? - Aleksandr Perendijevin şərhi (Eksklüziv)
Sem dayının kassası: Əfqanıstanda trilyonlar nəyə xərclənib – TƏHLİL
“Taliban”ın Orta Asiyaya sızması mümkündür – Tacik ekspert (Eksklüziv)
Moskva “Taliban”a görə Orta Asiyaya daha çox diqqət yetirməli olacaq - Ukraynalı ekspert
Talibləri gözləyən 4 əsas problem - TƏHLİL



Teqlər: Əfqanıstan   ABŞ  





Xəbər lenti