Süni İntellekt tərcümə edirsə, dil öyrənmək nəyə lazımdır?

   Süni İntellekt tərcümə edirsə, dil öyrənmək nəyə lazımdır?
  18 İyul 2026    Oxunub:233
Süni intellekt (Sİ) tərəfindən real vaxt rejimində tərcümə artıq gündəlik həyatımıza daxil olub. Videozənglərdə canlı nitq tərcüməsindən tutmuş, yutubda və TikTok-da avtomatik dublyaja qədər dil maneələrini aradan qaldıran texnologiyalar artıq heç kimi təəccübləndirmir. OpenAI, Meta, Google və bir çox digər şirkətlərin alətləri indi onlarla dil arasında anında tərcümə imkanı təklif edir. Həm də bu alətlər təkmilləşməyə davam edirlər.
Bütün bunlar vacib bir sual doğurur: Əgər maşınlar tərcüməni insanlardan daha sürətli və dəqiq edə bilirsə, başqa bir dili öyrənməyə illərlə vaxt sərf etməyə dəyərmi?

Bu, maraqlı sualdır. İnsanlar hər zaman zehni işləri alətlərin üzərinə yükləməyə çalışıblar. Yazı yaddaşımıza olan tələbi azaltdı. Kalkulyatorlar hesablama yükünü aradan qaldırdı. Süni intellekt də bu qəbildəndir. Yaxşı istifadə edildikdə, o, öyrənməyə dəstək ola və əlçatanlığı genişləndirə bilər. Lakin imkanlarınızı genişləndirmək üçün alətdən istifadə etməklə, hər hansı bir işi görməkdən qaçmaq üçün ondan istifadə etmək arasında ciddi fərq var.

Psixoloqlar səmərəsiz kimi görünən, lakin güclü uzunmüddətli yadda saxlama və anlama qabiliyyəti yaradan çətinlikləri təsvir etmək üçün “arzuolunan çətinliklər” ifadəsindən istifadə edirlər. Qrammatika ilə mübarizə aparmaq, doğru sözü axtarmaq və ya bir neçə dildə cümlə qurmaq yaddaşı, diqqəti və koqnitiv çevikliyi dəstəkləyən beyin şəbəkələrini işə salır. Davamlı zehni fəaliyyət tədqiqatçıların “koqnitiv dözümlülük (çeviklik)” adlandırdıqları xüsusiyyətə – yaşlandıqca beynin öz funksiyasını qoruyub saxlamaq qabiliyyətinə töhfə verir.

Birdən çox dildə danışmaq bu zehni fəaliyyətin bir formasıdır. Bu, beyindən ziddiyyətləri həll etməyi, konteksti izləməyi və dinamik şəkildə uyğunlaşmağı tələb edir. Çox dil bilən insanların vizual-məkan yaddaşı daha güclü olur. Çoxdillilik zaman keçdikcə beynin xüsusi funksiyaların qorunub saxlanmasına kömək edir. Belə insanlarda Altsheymer xəstəliyi daha gec yaşlarda başlayır və ümumi qocalma prosesinin daha zəif gedir.
Süni intellekt tərcüməsi sürət və əlçatanlıq baxımından mükəmməldir. Bir çox praktiki məqsədlər üçün son dərəcə yaxşı işləyir. Lakin mədəni kontekst, yumor, danışıq tərzi (registrlər) və emosional məna daşıyan ifadələrdə çətinlik çəkir. Süni intellekt ən yaxşı halda dilin hərfi (sosial olmayan) tərəflərini tutur, sosial çalarlarını isə qaçırır. 2003-cü ildə çəkilmiş "Love Actually" (Real sevgi) filmində Kolin Fertin canlandırdığı Ceymi personajının Aureliyaya sınıq-salxaq Portuqal dilində yöndəmsiz, lakin səmimi bir şəkildə evlilik təklifi etdiyi səhnəni xatırlayın. Bu səhnə həssaslıq və niyyətə görə insanın qəlbinə toxunur.

Real vaxt rejimində fəaliyyət göstərən tərcümə proqramları bizə quru məlumat verir. Dil öyrənmək isə insanların necə düşündüyünü, onların dəyərlərini anlamağı tələb edir. Bu mədəni savadlılıq yalnız qarşılıqlı ünsiyyət və təcrübə vasitəsilə inkişaf edir. Biz bunu ani tərcümə sistemlərinin öhdəsinə buraxa bilmərik.

Süni intellekt dil öyrənmə formamızı dəyişdirməyə davam edəcək. O, təhsili fərdiləşdirə, maneələri minimuma endirə bilər. Lakin dil öyrənməkdən irəli gələn zehni və mədəni qazancı əvəz edə bilməz. Bu qazanc insanlar arasında daha dərin bir bağ yaradır. Və bu bağ hələ də böyük əhəmiyyət kəsb edir.

Samir Quliyev
AzVision.az


Teqlər: Süni-İntellekt  






Xəbər lenti