Ermənistan çörək qıtlığının eşiyində: aqrar böhran dərinləşir

   Ermənistan çörək qıtlığının eşiyində:    aqrar böhran dərinləşir
  20 İyul 2026    Oxunub:571
Ermənistan Rusiyadan taxıl asılılığından qurtula biləcəkmi? Ekspert əsas problemləri açıqlayıb
Ermənistanda son on ildə taxıl əkin sahələri təxminən iki dəfə azalaraq 100 min hektardan 47 min hektara düşüb. Hazırda ölkənin taxıla olan tələbatının təxminən 75 faizi idxal hesabına ödənilir və idxal olunan buğdanın təxminən 99 faizi Rusiyanın payına düşür.

Taxıl istehsalının səmərəliliyinin artırılması və əkin sahələrinin genişləndirilməsi məsələləri bu yaxınlarda Baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən hökumət müşavirəsində müzakirə olunub. Ermənistanın Rusiyadan taxıl asılılığının azaldılması məsələsi son illərdə müxtəlif dairələrdə gündəmə gətirilir. Rusiya Xarici Kəşfiyyat Xidməti ötən il bəyan etmişdi ki, Ermənistan siyasi səbəblərlə Rusiya taxılından imtina edərək, Avropa İttifaqının maliyyə dəstəyi ilə daha bahalı Ukrayna taxılına üstünlük verməyi nəzərdən keçirir.

Ermənistan Milli Aqrar Universitetinin dosenti Rudik Nazaryanın sözlərinə görə, sahənin əsas problemləri dövlət tərəfindən zəmanətli taxıl alışının olmaması, fermerlərə yetərli dəstəyin göstərilməməsi və istehsalın iqtisadi cəhətdən sərfəli olmamasıdır. O bildirib ki, Ermənistan yanacaq, gübrə və kənd təsərrüfatı texnikasını əsasən Rusiyadan idxal etdiyindən yerli istehsalın rəqabət qabiliyyəti zəifləyir.

Ekspert həmçinin aqronom çatışmazlığını, növbəli əkin sisteminə əməl edilməməsini, torpaq sahələrinin özəlləşdirilməsi istifadəsiz qalan əkin sahələrinin artmasını ciddi problemlər kimi qiymətləndirib. Onun sözlərinə görə, bu amillər məhsuldarlığın azalmasına, xəstəlik və zərərvericilərin yayılmasına səbəb olur.

Nazaryan kənd təsərrüfatı texnikasının köhnəlməsini və toxumçuluq sistemindəki problemləri də vurğulayıb. O hesab edir ki, sahədəki çətinliklər kompleks xarakter daşıyır və mərkəzləşdirilmiş dövlət siyasəti olmadan onların həlli mümkün deyil.

Ekspertin fikrincə, mövcud şəraitdə Ermənistanın Rusiya taxılından asılılığını azaltması asan olmayacaq.

Röya Əliyeva



Teqlər:






Xəbər lenti