“YAŞAT” düşərgəsində yarış və konsert keçirilib

“YAŞAT” düşərgəsində yarış və konsert keçirilib
  29 İyul 2021    Oxunub:1052
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin ikinci həftəsi davam edir.
“YAŞAT” Fondundan Azvision.az -a verilən məlumata görə, düşərgənin üçüncü günündə iştirakçılar üçün "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə yaradıcı intellekt müsabiqəsi - "Mayak yarışı" keçirilib.

Sonra kikboksinq idman növü üzrə 7 qat Avropa və 25 qat dünya çempionu, Əməkdar məşqçi və Əməkdar idman ustası Eduard Məmmədovla görüş təşkil olunub. Görüşdə həmin idman növü, hücum və müdafiə üzrə döyüş qaydaları barədə məlumat verilib, yarış təşkil edilib.

Günün sonunda konsert proqramı təşkil olunub. Müğənni Rauf Əhmədov bir-birindən fərqli mahnıları ilə düşərgə iştirakçıları qarşısında çıxış edib, onlara xoş anlar yaşadıb.



Düşərgənin 4-cü günündə ilk olaraq psixoloqlarla görüş, ardınca isə maliyyə savadlılığı mövzusu üzrə əyləncəli təlim proqramı təşkil olunub.

Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Düşərgənin ikinci həftəsi də şəhidlərimizin 8-11 yaş kateqoriyasında olan övladlarını əhatə edir.

Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilir.



Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgə dən sonra müalicə prosesinə cəlb olunacaqlar.

2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcək.











Azvision.az



Teqlər:





Xəbər lenti