Sabahdan ictimai nəqliyyat işləyəcək
"17 may tarixindən təhsil müəssisələrində əyani tədris formasının qismən bərpa ediləcəyini nəzərə alaraq küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Bu səbəbdən hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də avtobus zolaqlarının tələblərinə, dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.
Mövcud pandemiya şəraitində müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətinə şərait yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Övladlarını şəxsi nəqliyyat vasitələri ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.
Gündəlik xəttə çıxan avtobus sayının sərnişin tələbatında ehtimal olunan artıma uyğun tənzimlənməsi, eləcə də pik saatlarda ehtiyat avtobusların cəlb olunması üçün müvafiq tədbirlər görülür", - deyə BNA-nın yaydığı məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: BNA