“Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib” - Səfir

  03 Mart 2021    Oxunub : 1663
“Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib” -    Səfir
Venesuela Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
Azvision.az xəbər verir ki, bunu Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Martinez Berroteran Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Diplomat parlament diplomatiyasının inkişafında Milli Məclisin rolunu yüksək qiymətləndirərək, Azərbaycan parlamentinin fəaliyyəti ilə yaxından maraqlandığını bildirib. Qeyd edilib ki, hər iki ölkə parlamentləri arasında münasibətlərin inkişafı ümumi mənafelərə cavab verər. Bu baxımdan, dostluq qruplarının yaradılması məqsədəmüvafiq sayıla bilər. Qonaq Venesuela parlamentinin fəaliyyəti barədə Sədrə ətraflı məlumat verərək, mütəmadi görüşlərin əhəmiyyətini vurğulayıb.

Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bir daha bəyan edərək, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar noyabrın 10-da imzalanmış üçtərəfli Sazişi diplomatiyanın uğuru kimi dəyərləndirib.

Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri, COVİD-19 pandemiyasına qarşı mübarizə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: Venesuela