Türkiyəli gənclər “Xocalıya ədalət!” tələb edirlər

  26 Fevral 2021    Oxunub : 1328
Türkiyəli gənclər “Xocalıya ədalət!” tələb edirlər
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik Vəqfi (TÜGVA) tərəfindən İstanbulda silsilə tədbirlər təşkil olunub.
Azvision.az xəbər verir ki, tədbirlər çərçivəsində İstanbuldakı Ayasofya məscidi qarşısında bu şəhərdə fəaliyyət göstərən yerli və xarici media qurumlarına Türkiyə gəncləri adından bəyanat səsləndirilib.

Bəyanatda Xocalı soyqırımının tanınması və qanlı qırğını törədənlərin məsuliyyətə cəlb olunması ilə bağlı beynəlxalq təşkilatlara çağırış ünvanlanıb, soyqırımı həqiqətlərinin dünyaya yayılması işində Azərbaycan ilə həmrəylik ifadə edilib.

Daha sonra TÜGVA Mərkəzində hər iki qurumun birgə həyata keçirdiyi “Qarabağ zəfəri” adlı rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət sərginin açılışı olub.

Mərkəzdə, həmçinin Türkiyənin bütün bölgələrinin gənclərinin iştirakı ilə geniş onlayn tədbir keçirilib. Tədbirdə Ermənistan hərbi birləşmələri tərəfindən törədilən soyqırımı barədə məlumat verilib. Bildirilib ki, mülki azərbaycanlılara qarşı qətliam siyasəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin fəaliyyətinin dəyişməz istiqaməti olub. Ötən il Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağı azad etdiyi zaman da ermənilər tərəfindən şəhər və rayonlarımız atəşə tutulub, dinc əhali qətlə yetirilib.

Tədbirdə Xocalı və bu kimi digər cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi naminə iki ölkə gənclərinin birgə təbliğat işinin davam etdirilməsi qərara alınıb.

Onlayn toplantıda Xocalı soyqırımına həsr olunan “Kiçik Oskar” adlandırılan “Accolade Qlobal Film Competition” nəşrinin ən yüksək mükafatına layiq görülən “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.

“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində çəkilən film toplantı iştirakçıları tərəfindən böyük diqqət və dərin kədər hissi ilə qarşılanıb.

Tədbirlərdə TÜGVA-nın sədri Enes Eminoğlu, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatı Naqif Həmzəyev və Xocalı soyqırımının canlı şahidi, faciə zamanı atası və yeddi yaşlı bacısı qətlə yetirilən Xəzəngül Əmirova çıxış ediblər.

Azərbaycanın nümayəndə heyətinin İstanbula səfəri çərçivəsində fevralın 27-də hər iki ölkə gənclərinin iştirakı ilə bu şəhərin Sarıyer rayonundakı Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsi ziyarət olunacaq.

Daha sonra tədbir iştirakçıları Sarıyerdəki Xocalı parkında soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edəcəklər.

Nümayəndə heyətinin İstanbula səfəri davam edir.

Azvision.az

Teqlər: Xocalı