Samuxda 39.5 kilometrlik yol yenidən quruldu - FOTO

  22 Yanvar 2021    Oxunub : 1543
Samuxda 39.5 kilometrlik yol yenidən quruldu -    FOTO
Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, 7 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanmış layihəyə uyğun olaraq, Samux rayonunda uzunluğu 39.5 km olan yerli əhəmiyyətli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması yekunlaşıb. Bu 28.1 km uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4.6 km, Qarabağlı yolunun uzunluğu 2.8 km, Salahlı yolunun uzunluğu isə 4 km təşkil edir.



Yenikənd-Poylu avtomobil yolu IV texniki dərəcəli olmaqla qara örtüklü idi. Avtomobil yolu uzun illər istismar olunduğundan təmirlər arası istismar müddətini keçmişdir. Avtomobil yolunun torpaq yatağı deformasiyaya uğramış, yolda qabarma və çökmələr əmələ gəlmişdir. Yolun 14-26 km hissəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan atmosfer və suvarma sularının təsiri altında qalırdı. Bu səbəbdən örtükdə çoxlu sayda çalalar, çökmələr və gölməçələr əmələ gəlmişdir. Yolun torpaq yatağının yerin təbii relyefindən qaldırılmasına və yenidən təmir olunmasına ehtiyac yaranmışdır.

Layihə çərçivəsində mövcud örtük qazılaraq kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılıb. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunub, zəruri olan yerlərdə yeniləri qurulub.

Belə ki, Yenikənd-Poylu avtomobil yolu boyunca müxtəlif diametrli 32 yeni suötürücü dəmir-beton boruların və başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 6 yerdə düzbucaqlı su keçidlərinin inşası, zəruri olan yerlərdə avtoqreyderlə küvetlərin açılması işləri aparılıb.



Daha sonra optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılıb, yeni asfalt-beton örtüyü döşənib.

Anoloji işlər Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarında da aparılıb. Çınqıl və qara örtükdən ibarət avtomobil yolları uzun illər istismar olunduğundan örtük və torpaq yatağı aşınmaya məruz qalaraq yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, qruntun yayılaraq profilə salınması və kipləşdirilməsi, yol əsasının alt və üst layının tikintisi işləri görülüb.



Sözügedən yollarda yerləşən suötürücü borular da uzun illər istismar olunduğundan boruların orta hissələri çökmüş, sukeçiricilik qabiliyyətin itirmiş, istismar üçün yararsız vəziyyətə düşmüşdür. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik 39 yeni dəmir-beton suötürücü borunun quraşdırılması, mövcud körpünün təmiri işləri də layihə çərçivəsində həyata keçirilib.

Yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində yollar boyu əlaqələndirici bitum səpilməklə 230 min kv.m-dən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Tikinti işlərindən sonra yollar boyu hərəkətin normal təşkili üçün tədbirlər həyata keçirilib. Belə ki, zəruri yol nişanı, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilərək, avtobus dayanacaqları quraşdırılıb.



Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdırıb.

Ümumilikdə bu layihə yol boyu yaşayan hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq



Azvision.az

Teqlər: Samux   AAYDA   Yol