İlkin mərhələdə kimlərə vaksin vurulacaq?

  16 Yanvar 2021    Oxunub : 3736
   İlkin mərhələdə kimlərə vaksin vurulacaq?
Vaksinasiya strategiyasında COVID-19 infeksiyası əleyhinə vaksinasiya ilə əhatə olunan əhali qrupları sosial cəhətdən və tibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılır.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev deyib.

Onun sözlərinə görə, sosial cəhətdən yüksək risk qrupuna səhiyyə işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, "ASAN xidmət", "DOST" mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərin, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər aiddirlər.



Nazirlik rəsmisi bildirib ki, tibbi cəhətdən yüksək risk qrupuna yaşı 65-dən yuxarı olan, yəni yaşlı əhali, tənəffüs sisteminin xroniki xəstəlikləri, xroniki hemodializ xəstələri, II tip şəkərli diabetdən əziyyət çəkən 50 yaşdan yuxarı əhali, 18 yaşından yuxarı piylənmədən əziyyət çəkənlər aiddir:

"Vaksinasiya strategiyasının icra mərhələləri üzrə əhali qruplarına gəlincə, ilkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.

İkinci mərhələdə tibbi cəhətdən yüksək riskli olanlar - tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar, 50 yaşdan yuxarı olan və ən az bir xroniki xəstəlikdən əziyyət çəkənlər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, "ASAN xidmət", "DOST" mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərin, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər, yüksəkriskli şəraitli işlərdə çalışan şəxslər - cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksəkriskli sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s. sahələrində çalışanlar peyvəndlənəcəklər".

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya başlanılır.

Azvision.az

Teqlər: Vaksinasiya