Əmanət faizləri niyə artmır? – TƏHLİL

Əmanət faizləri niyə artmır? – TƏHLİL
  10 Fevral 2014    Oxunub:2408
Ölkədə bank sektorunun fəailiyyətini sağlamlaşdırmaq üçün hökumət demək olar, bütün vasitələrdən istifadə edir. Azərbaycan Mərkəzi Bankının (AMB) banklara istehlak kreditlərini məhdudlaşdırmaq barədə verdiyi tövsiyə ilə yanaşı, Prezidentin “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” 27 dekabr tarixdə imzaladığı Azərbaycan Respublikası Qanunu da bu vasitələrdəndir. Qanuna əsasən, banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz məbləğləri 2014-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad edilir.

Xatırladaq ki, adı çəkilən qanun layihəsi ötən il Milli Məclisdə qəbul edilən zaman İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə əhalinin banklarda 6 milyard manatdan çox əmanətinin olduğunu və il ərzində 600 milyon manat gəlir götürüldüyünü bildirmişdi. “Fiziki şəxslərin əmanətləri üzrə ödənilən fazilərin gəlir vergisindən azad edilməsi 50-60 milyon manat vəsait əhalidə qalacaq” – deyə, Z. Səmədzadə demişdi.

Doğrudur, bu, ilk dəfə deyil həyata keçirilir. Banklar ilə digər kredit təşkilatlarının əhaliyə ödədiyi əmanətlər üzrə faiz dərəcələrinə tədbiq edilən 10%-lik vergi ilk dəfə 1999-cu ildə ləğv edilmişdi. O vaxtdan bəri, hər ilin əvvəlində Prezident tərəfindən müvafiq sənəd imzalanmaqla, banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər üzrə gəlir vergisi ləğv olunur. Nəticədə milyonlarla manat vəsait dövlət büdcəsinə cəlb edilmədən əhaliyə verilmək üçün banklarda qalır.

Ümumiyyətlə, bu addımın atılmasında əsasən, iki məqsəd var. Birincisi, əhalinin gəlirlərini, daha dəqiq desək, onun sərbəst hissəsini dövriyyəyə cəlb etdikdən sonra əldə olunan gəliri tam olaraq onların sərəncamında saxlamaq, ikincisi isə banklara vətəndaşlardan depozit cəlbini daha yaxşı təmin etmək məqsədilə əlavə imkan yaratmaq. Belə ki, bu, əhalidə pullarını banklarda əmanət şəklində yerləşdirməyə maraq yaradır.

Ancaq bir cəhət vardır ki, sözügedən siyasətin bankların əhalinin əmanətlərinə görə ödədikləri faiz dərəcələrini artırmadığı və buna heç bir təsir göstərmədiyi görünür. Əksinə, keçən ilin avqust ayının 1-dən üstəlik Əmanətlərin Sığortalanması Fondu da fiziki şəxslərin banklara 10 %-dən artıq dərəcə üzrə qoyduqları əmanətləri sığortalamır.

Doğrudur, əmanətlər üzrə sığorta ödənişinin maksimal səviyyəsi dəyişməyib - 30 min manat saxlanıb: 30 min manatdan artıq məbləğdə əmanətlər dövlət tərəfindən sığortalanmır. Adı çəkilən Fond yalnız göstərilən məbləğdə depozitlərin qaytarılmasına cavabdehdir ki, ölkədə bu və ya digər bank iflasa uğrayarsa, vətəndaşların o bankda yerləşdirdiyi vəsaitin yalnız 30 min manatadək olan hissəsi qaytarılacaq.
Sözümüz bunda deyil.

Sual yaranır ki, banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərə tədbiq edilən gəlir vergisinin ləğvinin hər dəfə 1 il uzadılması əgər bankların əhalinin əmanətlərinə görə ödədikləri faiz dərəcələrini artırmırsa, üstəlik ölkədə fəaliyyət göstərən kommersiya bankları tərəfindən əhaliyə verilən kreditlərin faizləri də ucuzlaşmırsa, görəsən, bu siyasət dayandırılsa nə baş verə bilər?
Ümumiyyətlə, əhalinin əmanətlərindən gəlir vergisini birdəfəlik ləğv etmək olmazmı?

Yeri gəlmişkən, ölkədə əhalidən banklara əmanət cəlbi qənaətbəxş səviyyədədir. AMB-in məlumatına əsasən, bu ilin əvvəlinə banklarda əhalinin əmanətləri 6,39 milyard manat təşkil edib ki, bu da 2013-cü ilin əvvəlinə olan rəqəmdən 20 % və yaxud 1282,4 milyon manat çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına əsaslansaq isə, dekabrı nəzərə almamaq şərtilə əhalinin banklardakı əmanətləri 2012-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 34,8 % artaraq 6,4 milyard manata çatıb.

Kommersiya bankları tərəfindən əhaliyə verilən kreditlərin faizləri barədə əvvəlki şərhlərimizdə yazmışdıq ki, əhalidən cəlb olunan vəsaitlər üzrə vəziyyət nə qədər qənaətbəxş olsa da, həmin resurslar ilə uzunmüddətli və ucuz kredit siyasəti yürütmək mümkün deyil. Odur ki, depozitlər üzrə faiz dərəcələrinin aşağı və yaxud yuxarı olmasının kommersiya banklarının müştərilərə təklif etdikləri kreditlərin faiz dərəcələrinə təsiri əslində, ciddi müzakirə obyekti sayıla bilməz. Söhbət, bilavasitə kommersiya bankları tərəfindən əhaliyə verilən kreditlərin faizlərini ucuzlaşmasından gedərsə, ilk növbədə bankların ümumi kredit portfelində AMB-dən alınan vəsaitlərin xüsusi çəkisinin artmasına, o cümlədən xarici maliyyə qaynaqlarına asan çıxışa nail olmaq vacib sayılır ki, buna paralel olaraq, real sektorda risk səviyyəsi də minimuma endiriməlidir.

Qısa desək, ölkədə əmanətlər üzrə faiz dərəcələri aşağı salınacağı təqdirdə, kredit faizlərinin kəskin ucuzlaşağını söyləmək əbəsdir.

Bu gün Azərbaycanda 43 bank fəaliyyət göstərir ki, bunlar da ümumilikdə 5,3 milyon nəfər əmanətçiyə xidmət göstərir. Bu banklardan da heç birinin real olaraq müflis olma ehtimalı yoxdur. Təkrar edirik ki, AMB-in banklara kapitallarını 50 milyon manata çatdırmaq üçün verdiyi vaxtı 2015-ci ilə qədər uzatması da onların sayını azaltmaq məqsədi güdülmədiyini göstərdi. Dövlət bu yolla bankları inzibati yolla bazardan çıxartmaq və qeyri-müəyyənliyə yol açmaq niyyətində deyil.

Ancaq banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərə tədbiq edilən gəlir vergisinin ləğvinin əhalinin əmanətlərinə görə ödənilən faiz dərəcələrini artırmaması kimi amillər hər halda sektorun fəailiyyətini sağlamlaşdırmaq üçün hələ çox işlər görmək lazım olduğunu göstərir.

Bu siyasət əgər dayandırılsa, dövlət büdcəsinə Z.Səmədzadənin yuxarıda misal gətirdiyimiz sözlərinə əsasən, indiki halda il ərzində 50-60 milyon manat vəsait cəlb ediləcək. Amma təəssüf ki, bu zaman əhalidən banklara əmanət cəlbi qeyri-qənaətbəxş vəziyyətə düşəcək. Gəlir vergisinin ləğvinin uzadılması isə əhalinin əmanətlərinə görə bankların ödədikləri faiz dərəcələrinə mütləq təsir göstərməlidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti