Moldovanın Aİ-yə viza rejimi qalxır

Moldovanın Aİ-yə viza rejimi qalxır
  01 Fevral 2014    Oxunub:1466
Moldova vətəndaşlarının vizasız Aİ ölkələrinə səyahət etmək perspektivi yaranıb.
AzVision.az xəbər verir ki, Moldova vətəndaşları cari ilin iyulundan Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız səyahət edə biləcəklər. Bu barədə bu gün Avropa Parlamentinin Moldova Respublikası (MR) ilə viza rejiminin liberallaşdırılması məsələsi üzrə məruzəçisi Tanya Fayon Kişineuda MR-in baş naziri Yuriye Lyanke ilə keçirdiyi birgə brifinqdə məlumat verib.

O, qeyd edib ki, fevralın 12-13-də Avropa Parlamentinin Vətəndaş azadlıqları, ədliyyə və daxili işlər üzrə komitəsində viza rejiminin liberallaşdırılması haqqında məruzəni səsverməyə tövsiyə etməyi planlaşdırır. Bu ilin martında məruzə Avropa Parlamentinin plenar iclasında səsə qoyulacaq. T.Fayon demişdir: “Əgər hər şey planlaşdırdığımız kimi olsa, ümidvarıq ki, Moldova vətəndaşları üçün viza rejimi cari il mayın 25-də keçiriləcək Avropa Parlamentinə seçkilərədək ləğv ediləcək. Bu, o deməkdir ki, viza rejimi 2014-cü ilin iyulundan ləğv oluna bilər”.

O bildirib ki, Aİ ilə assosiasiya haqqında nəzərdə tutulan sazişin imzalanması və vizasız rejimin tətbiqi ilə əlaqədar 2014-cü il Moldova üçün çox əhəmiyyətlidir. MR başlanmış islahatları davam etdirməlidir.

Öz növbəsində Y.Lyanke deyib ki, Avropa Parlamentində qərarların qəbul edilməsi sürəti intensivdir, buna görə də ola bilsin ki, Moldova vətəndaşları üçün vizaların ləğv edilməsi qərarı tez qəbul olunsun.

Avropa Parlamentinin Moldova ilə viza rejiminin liberallaşdırılması üzrə məruzəçisi T.Fayon yanvarın 30-dan fevralın 1-dək Moldova Respublikasında rəsmi səfərdədir. Bu gün o, ölkənin Dnestryanı regionuna səfər edəcək.

AzərTAc


Teqlər:





Xəbər lenti