“Mərakeş Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir” - Səfir

   “Mərakeş Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir” -    Səfir
  02 Oktyabr 2020    Oxunub:3046
1 oktyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Mərakeş Krallığının Azərbaycandakı səfiri Adil Embarş ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Azvision.az -a bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə həmçinin, iqtisadiyyat, humanitar, turizm, alternativ və bərpa olunan enerji kimi sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ağır nəticələri ilə bağlı məlumat verib və bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın davam edən işğalçılıq siyasətinin durduğunu vurğulayıb. Bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirən Nazir, Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini bildirib.

Nazir bölgədə davamlı sülh və təhlükəsizliyinin təmin olunması üçün Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılmasının zəruri olduğunu bildirib və münaqişənin həllinin əsasını təşkil edən qərar və qətnamələr, o cümlədən BMT TŞ məlum qətnamələrinin tələblərini qeyd edib.

Səfir Adil ölkələrimizin oxşar təhdidlər ilə üzləşdiyini qeyd etdi və Mərakeşin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bildirib.

Nazir Ceyhun Bayramov Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Eyni zamanda, tərəflər görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azvision.az


Teqlər: XİN   Mərakeş  





Xəbər lenti