Vergi güzəştləri tətbiq olundu
Belə ki, elektron ticarət yolu ilə daha qiymətli mal və əşyaların gətirilməsinə şərait yaratmaq məqsədilə müvafiq gömrük Qaydaları yenidən işlənib. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” təsdiq edilib.
Yeni Qaydalarda öz əksini tapmış əsas prinsipial məqamlardan biri də ondan ibarətdir ki, beynəlxalq poçt göndərişləri vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dollarıekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən qeyri-kommersiya, yaxud qeyri-istehsal xarakterli mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməklə poçt vasitəsilə gətirilə bilər.
Məlumdur ki, əvvəllər bu güzəştin məbləği 200 ABŞ dolları ekvivalenti təşkil edib. Digər bir yenilik isə ondan ibarətdir ki, əgər gətirilən malın dəyəri təyin olunmuş həddi (1000 ABŞ dollarını) aşarsa, gömrük rüsumu yalnız həmin həddən artıq olan məbləğə tətbiq ediləcək. Bundan əvvəlki qaydalara görə isə, gömrük rüsumu dəyəri 200 ABŞ dollarından yuxarı olan malın tam dəyərinə tətbiq edilirdi. Sözügedən dəyişikliklər vətəndaşlara daha böyük imkanlar yaratmaqla onların vəsaitlərinə qənaət etməsinə gətirib çıxardıb.
Bu qərar artıq ötən ilin noyabr ayının 27-dən qüvvəyə minib. Hesab edilir ki, vətəndaşların hökumətin onlar üçün yaratdığı bu imkanlar barəsində məlumatlarının artması, alış-veriş zamanı elektron ticarətə üstünlük verəcək, bu da öz növbəsində poçt göndərişlərinin həcminin daha da artmasına təsir edəcəkdir.
Bununla bərabər, yeni Qaydalar vətəndaşlarımıza şəxsi istifadəsi üçün daha geniş çeşidli və dəyəri nisbətən yüksək olan mal və əşyaların beynəlxalq poçt göndərişləri vasitəsilə gətirilməsinə şərait yaradacaq. Qeyd olunmalıdır ki, bu sahədə poçt müəssisələrinin üzərinə də ciddi vəzifələr düşür. Ona görə də “Azərpoçt” MMC tərəfindən artıq bəzi tədbirlər həyata keçirilməkdədir. Belə ki, internet sifariş əsasında ölkəyə daxil olan poçt göndərişlərinin çatdırılma keyfiyyətini yüksəltmək məqsədilə “Azərpoçt” MMC-də yeni “SMS-bildiriş” xidmətinin göstərilməsinə başlanılıb.
Poçt müəssisələrinə daxil olan beynəlxalq göndərişin üzərində alıcının telefon nömrəsi olduqda, həmin nömrəyə operativ olaraq “SMS-bildiriş” göndərilir və bildirişdə vətəndaşın adına poçt göndərişinin daxil olması və göndərişi almaq üçün xidmət göstərən poçt şöbəsinə müraciət etməyin zəruriliyi barədə məlumat verilir.
Yeni xidmətin tətbiqi artıq ilk müsbət nəticələrini verib və beynəlxalq kiçik paket və bağlamaların çatdırılmasını xeyli dərəcədə sürətləndirib.