“Cəmiyyəti çaşdırmaq istəyirlər” - TƏKZİB
ARDNŞ-in məlumatına bildirilir ki, bir sıra elektron informasiya vasitələrində yanvarın 28-də ARDNŞ-nin rəsmi internet səhifəsində yerləşdirilən “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunması ilə bağlı müşavirə keçirilib” sərlövhəli xəbərdən təhrif olunan materiallar verilib.
Socar.az saytında yerləşdirilmiş xəbərdə deyilir: “Daha sonra ikinci istiqamət üzərində dayanan Xalik Məmmədov bildirib ki, ixtisasları vakant ştatlara uyğun gəlməyən, amma ənənəvi neftçi ixtisasları olan sərbəstləşən işçilər “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram”a qoşularaq ixtisas dəyişməsi üçün Təlim, Tədris və Sertifikatlaşdırılma İdarəsinin Təlim Mərkəzlərində keçirilən kurslara cəlb oluna bilərlər. Bu kateqoriyadan olan sərbəstləşən işçilər Proqram müddəti (1 il) ərzində əmək haqlarının 50 %-ni almaqla öz ixtisaslarına yaxın ikinci peşə qazanaraq, Şirkətin, habelə neft sənayesinə daxil olan digər təşkilatların müəssisələrində çalışmaq imkanı əldə edəcəklər”.
Bildirilib ki, məlumatın bu hissəsi təhrif olunmuş şəkildə şərh edən bir sıra sayt və portallar bütövlükdə informasiyanı öz səhifələrində “ARDNŞ-nin bəzi sərbəstləşən işçiləri əmək haqlarının 50 faizini almaqla digər müəssisələrdə çalışa biləcəklər” başlığı ilə yerləşdiriblər.
“Bizim informasiyalarımızdan istifadə etməklə materiallarına qeyd olunan tipli sərlövhələr qoyan bəzi “həmkarlarımız” əslində ictimaiyyəti çaşdırmaq yolunu tutublar. Yuxarıda gətirdiyimiz sitatdan da görünür ki, söhbət “əmək haqlarının 50 faizini almaqla digər müəssisələrdə çalışmaq” imkanından getmir. Söhbət ondan gedir ki, ixtisasları ənənəvi neftçi ixtisaslarına uğun gələn sərbəstləşmiş işçilər təlim mərkəzlərində bu ixtisasa yaxın ikinci bir ixtisas qazana bilər və ixtisasartırma müddətində bir ildən çox olmayaraq əmək haqlarının 50 faizini ala bilərlər. Yalnız bundan sonra onlar qazandıqları yeni ixtisas üzrə mövcud olan vakant ştatlarda çalışmaq imkanı əldə edə bilərlər.
ARDNŞ-nin rəsmi saytında yerləşdirilən xəbərlərdən istifadə edərkən diqqətli olsunlar, xüsusilə sərlövhə seçərkən və ya məlumatları şərh edərkən təhrifə yol verməsinlər”.
AzVision.az