Deputat sürücüsü barədə məlumat yalandır - Elman Nəsirovdan etiraf

  17 Sentyabr 2020    Oxunub : 9886
  Deputat sürücüsü barədə məlumat yalandır -    Elman Nəsirovdan etiraf
“Deputatlardan birinin sürücüsü haqqında daxil olan məlumat ciddi ittiham idi. Amma araşdırmalarımdan sonra bu informasiya öz təsdiqini tapmadı”.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O, bu gün geniş müzakirələrə səbəb olan məsələni qabartmaqla əslində üzərinə düşən vəzifəni yerinə yetirdiyini söyləyib: “Bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin payız sessiyası çərçivəsində ilk iclası oldu. Həmin iclasda bir informasiyanı qeyd etdim ki, mənə daxil olan məlumata görə, deputatlardan birinin sürücüsü əfv komissiyasının işinə müdaxilə edib. Amma onu da qeyd etdim ki, bu məlumat həqiqəti əks etdirməyə bilər. Bizə daxil olan bu kimi məlumatlar dezinformasiya ola bilər. Yəni mümkündür ki, hər hansı narahatlıq doğuran məlumatı yalan kimi mənə çatdırsınlar. Ancaq hər halda belə bir informasiyaya malik olduğumu söylədim”.

Deputat deyib ki, bu məlumat ciddi ittiham olduğu üçün onu araşdırmağa ehtiyac yaranıb və o, bu istiqamətdə müvafiq araşdırmalar aparıb: “Bəzən belə halların şahidi oluruq ki, xüsusən sosial şəbəkələrdə çox geniş şəkildə yayılan məlumat sonda dezinformasiya olur. Yəni istisna etmirəm ki, daxil olan məlumat da həmin dezinformasiyalardan biri idi. Amma hər halda kifayət qədər ciddi ittiham sayılırdı. Araşdırmalarımdan sonra gördüm ki, daxil olan məlumat öz təsdiqini tapmır. Bu, görünür anti-Azərbaycan dairələrinin sosial şəbəkələrdə yaydıqları, ayrı-ayrı insanlara ötürdükləri növbəti yalan idi. Bu informasiya Əfv Komissiyasında olmuş insanları da narahat etdi. Söhbət təbii ki, əvvəlki Əfv Komissiyasının üzvlərindən gedir. Əgər mənim səsləndirdiyim fikirlər həmkarlarımdan kimisə narahat edibsə, onlardan üzr istəyirəm. Heç bir halda əxlaqım, tərbiyəm və mənəviyyatım imkan verməz ki, kimisə, nədəsə ittiham edim. Sadəcə olaraq biz millət vəkilləriyik və bizə daxil olmuş ciddi informasiyaları müzakirə predmetinə çeviririk. Komitənin iclasında bu məsələləri qaldırmaq məcburiyyətində qaldım. Amma dönə-dönə vurğulayıram ki, təhlil və araşdırmalarımız onu göstərdi ki, bu, müəyyən dairələrin ötürdüyü dezinformasiyaya oxşadı. Yəni hələ ki, daxil olan məlumat təsdiqini tapmayıb”.

Elman Nəsirovun fikrincə, onun millət vəkili kimi funksiyası daxil olan informasiyanı diqqətə çatdırmaq olub. Deputat məlumatın hansı mənbədən gəlməsinə də aydınlıq gətirib: “Öncədən bunu söyləmişdim ki, bu fakt deyil, hələlik sadəcə informasiyadır. Bu təbii ki, bir müddət öncə seçicilər səviyyəsində daxil olan məlumat idi. Təəssüf ki, hazırda həmin seçicinin kimliyini xatırlamıram. Amma mənim üçün ciddi narahatlıq yaratdı deyə parlamentin iclasında qaldırmaq məcburiyyətində qaldım. Bir daha son qənaət kimi qeyd edirəm ki, bu məlumat təsdiqini tapmadı və deyilən ittihamlar həqiqətə uyğun gəlmədi”

Tural Tağıyev
Azvision.az

Teqlər: Elman-Nəsirov   Deputat