SİM kartların tədarükü azalıb

SİM kartların tədarükü azalıb
  21 Yanvar 2014    Oxunub:1154
Dünyada ilk dəfə SİM kartların tədarükü 200 milyon azalaraq 4,94 milyard təşkil edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 2013-cü ildə SİM kartların dünya üzrə tədarük həcmi Asiya regionunda tələbatın azalması və “NFC” və “LTE” şəbəkələri əsasında servislərin tətbiqinin yubadılmasına görə 3,8 faiz azalaraq 4,94 milyard təşkil edib. Bu barədə “ABI Research” analitik şirkətinin məlumatında deyilir.

Ötən ilin əvvəlində “ABI Research” 2012-ci illə müqayisədə SİM kartların satışı üzrə 5 faiz artım proqnozlaşdırsa da, ilin yekunları üzrə olan məlumatlara əsasən, bazara “LTE” və “NFC” ilə uyğunluq təşkil edən SİM kartların çıxarılmasına baxmayaraq 2013-cü ildə dünya üzrə tədarük həcmi gözlənilən səviyyədən aşağı olub və 2012-ci ildə satılan kartların sayı ilə müqayisədə 193 milyon ədəd azalıb.

Buna əsas səbəb kimi analitiklər Asiyada - ilk növbədə 2012-ci ilin sonunda Hindistanda və Çində ödənişli SİM kartların alınması zamanı sənədlərin tələb edilməsinə başlanmasını göstərirlər. Nəticədə regionda SİM kartların satışı 2012-ci illə müqayisədə 10 faiz azalıb.

“ABI Research”in məlumatına görə, artım tempinin aşağı düşməsi həmçinin operatorlarda “4G” əsasında “NFC” ödəniş və servis xidmətlərinin yubadılmasına görə müşahidə olunur.

“2013-cü ildən sonra operatorlar inkişafın əsas amili kimi abunəçi bazasının artırılmasına ümid etməyə bilərlər. İstehsalçılar öz bizneslərini optimallaşdırmağa çalışaraq çoxlu sayda SİM kartların tədarükünə xərcləri azaldacaq və ya servis platformalarını inkişaf etdirəcəklər”, - "ABI Research”in direktoru Con Delvin bildirib.

2013-cü ildə dünyada tədarük edilən smartfonların 52 faizi və ya 528,2 milyon qurğu Asiya-Sakit okean regionunun payına düşüb. “IDC” analitik şirkətinin proqnozuna görə, 2017-ci ilədək Asiya mobil qurğular üçün ən sürətli inkişaf edən bazar olacaq.


Teqlər:  





Xəbər lenti