Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı cinayət işi açıldı
Təcavüzkar Ermənistan bu kimi təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaqla Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn açıq qəsdlər ediblər.
Ermənistanın hərbi qulluqçuları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı yönələn hərbi cinayətlər qeydə alınaraq hal-hazırda hadisə yerində fəaliyyət göstərən istintaq qrupu tərəfindən müvafiq qaydada sənədləşdirilir, həmin faktlar üzrə Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, erməni hərbçilərinin törətdikləri bəşəriyyət əleyhinə olan cinayət faktlarına dair müvafiq sübutların toplanılması istiqamətində hazırda intensiv istintaq hərəkətləri həyata keçirilir.
Hərbi cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görüləcəkdir.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə şəhid olan hərbi qulluqçularımızın qəhrəmancasına göstərdiyi yüksək əzmi və şücaəti hər zaman Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır.
Azvision.az
Teqlər: Baş-prokurorluq