Gülər Əhmədovanın şikayətinə baxılacaq

Gülər Əhmədovanın şikayətinə baxılacaq
  16 Yanvar 2014    Oxunub:1218
Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə hökmündən verilən apellyasiya şikayəti icraata verilib.
APA-nın məlumatına görə, apellyasiya şikayəti baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun icraatına verilib. Hazırda hakim işlə tanış olur. Yaxın vaxtlarda iş üzrə məhkəmənin ilkin baxış iclasının vaxtı təyin olunacaq.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.


Teqlər:





Xəbər lenti