Vahid Əhmədov: `Qiymətlər qalxmalıdır`

Vahid Əhmədov: `Qiymətlər qalxmalıdır`
  12 Yanvar 2014    Oxunub:1316
Yaxın aylarda kommunal xidmətlərdə tariflərin bahalaşacağı gözlənilir. Millət vəkili Vahid Əhmədov da bunu inkar etmir.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, yanacağın qiymətinin bahalaşması bütün sahələrdəki qiymətlərə təsir edəcək: “Yanacağın qiyməti qalxıb. İstər-istəməz yanacağın tarifi bahalaşanda bütün sahələrə təsir edir. Deyirlər ki, nəqliyyatın qiymətində artım baş verməyəcək. Nəqliyyat da yanacaqla işləyir. Bunun qiyməti qalxmalıdır. Biz istəsək də, istəməsək də. O cümlədən kommunal xidmətlər, işıq və qaz. Əlbəttə, bütün bunları eyni dəyərdə saxlamaq da olar. Amma yenə də deyirəm, yanacaq elə bir məhsuldur ki, bütün sahələrə təsir edir. Məsələn, deyirdilər ki, bazarda qiymət bahalaşması olmayacaq. İndi bazara baxın. Bütün ərzaq mallarında bahalaşma var”.

Müəyyən müddətə qiymət bahalaşmasının yubatmağın mümkün olduğunu deyən deputatın sözlərinə görə, əsas diqqəti qiymət bahalaşmasına yox, süni qiymət artımına yönəltmək lazımdır.

Vahid Əhmədov yaxın yarım il ərzində qiymətlərin bahalaşmasına inanmır. “Qiymət bahalaşmasını müəyyən müddətə yubatmaq olar. Amma çox uzun müddətə yox. Gərək dövlət bununla bağlı dotasiya versin. Təəssüflər olsun ki, bizdə süni qiymət artması da çox olur. Məsələn, yanacağın qiyməti 10% artıbsa, məhsulun qiymətini 50% artım olur. Qiymət bahalaşmasından istifadə halları çoxalır. Buna ciddi nəzarət lazımdır. Belə davam etsə, maaşlardakı artım yox olub gedəcək. Əsas bütün sahələrdə qiymətin süni şəkildə artırılmasına nəzarət olmalıdır. Monitorinqlər aparılmalıdır. Yaxın yarım il ərzində qiymətlərin artırılmasına inanmıram. Çünki ərzaq və qeyri-ərzaq qiymətləri ilə bərabər kommunal xidmətlərin də bahalaşması orta və aşağı təbəqə üçün ağır nəticələr verə bilər. Odur ki, Azərbaycan hökumətinin buna getməsinə inanmıram”.


Teqlər:  





Xəbər lenti