“Məhkəmə-hüquq sistemində islahatlar dərinləşir” - Əli Hüseynli

  01 İyun 2020    Oxunub : 2652
 “Məhkəmə-hüquq sistemində islahatlar dərinləşir” -    Əli Hüseynli
İyunun 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli iclasda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacağını bildirib. Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan hər iki qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılır. Qeyd edilib ki, eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə üçüncü oxunuşda baxılacaq.

Əvvəlcə, komitə üzvü Əminə Ağazadə Cinayət-Prosessual Məcəlləsinə ediləcək dəyişikliklər barədə məlumat verib.

Qeyd olunub ki, bu dəyişikliklər bir neçə istiqamət üzrə hazırlanıb. Birinci istiqamət Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası ilə bağlıdır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə Məcəlləyə bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklər “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmasını və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibini nəzərdə tutur.

Növbəti istiqamət cinayət mühakimə icraatında kassasiya şikayəti icraatının təkmilləşdirilməsindən ibarətdir. Digər istiqamət isə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın prosessual qaydaları ilə bağlıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə həmin qaydaları ehtiva edən yeni 59-cu fəslin əlavə edilməsi təklif olunur.

Bu dəyişikliklərin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Komitə sədri Əli Hüseynli məsələ ilə bağlı çıxışında bildirib ki, son dövrlərdə məhkəmə-hüquq sistemində müxtəlif istiqamətlərdə, o cümlədən kadr, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı islahatlar dərinləşir. Həmçinin bu sahədə müasir informasiya vasitələrinin tətbiqi böyük əhəmiyyət kəsb edir. Deputatlar Tahir Kərimli, Erkin Qədirli, Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Nizami Səfərov qanun layihəsi barədə öz fikirlərini açıqlayıblar, təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər.

Sonra komitə sədri Əli Hüseynli “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna təklif olunan dəyişikliyi diqqətə çatdırıb. Bildirilib ki, Qanunun 13.3-1-ci maddəsinin birinci cümləsinə “o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar” sözləri əlavə edilir.

Qeyd olunan əlavədən sonra buradakı fikir aşağıdakı şəkildə səslənəcək: “Hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir”.

Bu dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini daşıyır.

Komitə sədri daha sonra üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı bildirib ki, sənəddə nəzərdə tutulan dəyişikliklər profilaktik əhəmiyyət daşıyır, hadisələrin qarşısının alınmasına yönəlib.

Diqqətə çatdırılıb ki, Məcəlləyə edilən əlavələrə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Xətanın təkrar törədilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Komitə üzvləri Azay Quliyev, Erkin Qədirli, Fəzail Ağamalı məsələnin əhəmiyyəti ilə bağlı fikirlərini açıqlayıblar.

Müzakirələrin sonunda hər üç sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Azvision.az

Teqlər: Milli-Məclis