“Prezidentin gördüyü işləri vətəndaşlar dəstəkləyir” - Musa Quliyev

   “Prezidentin gördüyü işləri vətəndaşlar dəstəkləyir” -    Musa Quliyev
  15 Aprel 2020    Oxunub:4381
2020-ci ilin I rübünün yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev olduqca konseptual çıxış etdi. Cənab Prezident hər birimiz, bütövlükdə cəmiyyətimiz və dövlətimizin inkişafı üçün gərəkli tezislər söylədi. Ölkə başçısının qeyd etdiyi kimi 2020-ci il çətin şəraitdə başlamasına, dünyada koronavirus pandemiyasının tüğyan etməsinə baxmayaraq, I rüb Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər uğurlu olub.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, yanvar və fevral aylarında, koronavirusun Azərbaycanda geniş yayılmadığı vaxtda iqtisadiyyatımız aparılan islahatlar nəticəsində müsbət istiqamətdə inkişaf edib və hər istiqamətdə artım olub.

“Mart ayından başlayaraq koronavirus infeksiyası ilə mübarizənin ön plana keçdiyi və karantin rejimində yaşamalı olduğumuz üçün müəyyən sahələrdə fəaliyyətin bir qədər geriləməsi gözlənilir. Bu da təbiidir. Bu, tək Azərbaycanla bağlı məsələ deyil. Paralel olaraq Azərbaycan iqtisadiyyatının böyük həcmini təşkil edən neftin və neft məhsullarının qiymətinin 2 dəfədən çox aşağı düşməsi şübhəsiz ki, bizim iqtisadi fəallığımıza mütləq təsirini göstərəcək. Buna baxmayaraq, ölkə başçısının dediyi kimi Azərbaycanın böyük “ehtiyat yastığı” var. İstər Neft Fondunda, istərsə də digər fondlarda kifayət qədər vəsaitimiz var. Amma əsas məsələ həmin vəsaitlərdən düzgün istifadə etmək, planlı şəkildə iqtisadiyyatın aşağı düşməsinin qarşısını almaq və sosial müdafiə tədbirlərini gücləndirməkdən ibarətdir. Prezident İlham Əliyev dünən bir daha vurğuladı ki, bizim üçün ən ümdə məsələ Azərbaycan vətəndaşının sağlamlığıdır, onun sağlamlığının qorunması və sosial rifah halının təmin edilməsidir. İqtisadiyyat bu il tənəzzül edə, gələn il yenidən yüksələ bilər. Amma vətəndaşların həyatlarının, salamlıqlarının qorunması bu gün qarşıdakı duran ən birinci vəzifədir”.

Komitə sədri vurğulayıb ki, bu vəzifənin həyata keçirilməsi üçün Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər görür, ardıcıl addımlar atır.

“Azərbaycan dünyada gedən koronavirusla mübarizənin ən müsbət təcrübəsini öyrənərək tətbiq edir və uğurlu nəticələri əldə edir. Təsadüfi deyil ki, ÜST-ün verdiyi qiymətə görə, Azərbaycan dünyada koronavirusa qarşı uğurla mübarizə aparan ölkələrdən biridir. Görülən kompleks tədbirlərin nəticəsində Azərbaycanda həm yoluxma sayı, həm ölüm göstəriciləri aşağıdır. Artıq karantinin ikinci həftəsindən başlayaraq bizdə sağlama hallarının gündə- günə artması müşahidə olunur ki, bu da bizi sevindirir. Lazım olan tibbi ləvazimatlar ölkəyə gətirilib, 22 xəstəxana koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb. Koronavirusla mübarizə fonunda sosial və iqtisadi tədbirlərin görülməsi ilə bağlı ölkə başçısının verdiyi göstərişlər uğurla icra olunur. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah bütün məsələləri koordinasiya edir. Bundan əlavə, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, Fonda indiyədək kifayət qədər vəsait toplanılıb”.

M.Quliyev, həmçinin deyib ki, dövlət karantin günlərində işsiz vətəndaşlara da yardım edir:

"Dövlət tərəfindən insanların təminatının ödənilməsi üçün lazımi tədbirlər görülür. 910 mindən çox büdcə təşkilatlarında çalışan insanların tam həcmdə əmək haqları ödənilir. Baxmayaraq ki, onlar işləmir və ya onlayn iş rejimindədirlər. 700 minə yaxın özəl sektorda çalışan işçilərin də əmək haqlarının verilməsi üçün dövlət təminatları yaradılıb. İşsiz və iş axtaran insanlara maddi dəstək olmaq üçün 50 min iş yeri açılır. Ölkə başçısı dünən bildirdi ki, lazım gələrsə, iş yerlərinin sayı daha da artırılacaq. Həmçinin, aqrar sektorda çalışan fermerlərin işlərini davam etdirməsi üçün şərait yaradılır, o cümlədən, heç bir girov olmadan, çox aşağı faizlərlə kreditlərin verilməsinə başlanılacaq ki, bundan ötrü dövlət büdcəsindən 30 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bununla yanaşı, aztəminatlı ailədən olan 17 min ödənişli əsaslarla oxuyan tələbənin təhsil haqqı dövlət büdcəsi tərəfindən ödəniləcək. Ünvanlı sosial yardıma ehtiyacı olan şəxslərin vəsaiti alma müddəti uzadılıb”.

M.Quliyev onu da qeyd edib ki, Azərbaycanda görülən bütün işlər ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanır.

“Prezident görülən tədbirlərin ictimaiyyət tərəfindən yüksək qiymətləndirməsi barədə danışdı və ona gündə minlərlə məktub gəldiyini, insanların elektron poçta yazdıqlarını dedi. Hər kəs Azərbaycan Prezidentinin, dövlətin apardığı tədbirləri, gördüyü işləri dəstəkləyir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Musa-Quliyev   Deputat  





Xəbər lenti