QHT-lərin ümumrespublika onlayn konfransı keçirildi - FOTOLAR

  03 Aprel 2020    Oxunub : 2562
 QHT-lərin ümumrespublika onlayn konfransı keçirildi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı"nı keçirib.
Azvision.az xəbər verir ki, 400-ə qədər QHT nümayəndəsinin, bir sıra dövlət qurumlarının rəsmilərinin iştirak etdiyi konfransda giriş sözü ilə çıxış edən Şura sədri, deputat Azay Quliyev prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində ölkəmizdə koronovirus pandemiyası ilə mübarizə sahəsində mühüm işlər görüldüyünü bildirib.



Azay Quliyev dövlətin koronovirusla mübarizə sahəsində həyata keçirdiyi işlərə QHT-lərin də yaxından dəstək verdiyini deyib. Azay Quliyev dövlət başçısının fərmanıyla yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna Şura üzvləri və Katibliyin əməkdaşlarının vəsait köçürdüyünü, QHT-lərin isə Fonda ianə ödənişinin davam etdiyini vurğulayıb: "Martın 27-dən etibarən Şuranın REAL TV ilə birlikdə "Evdə qal, cəmiyyəti qoru!" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayıb. QHT-lər istər əhalinin nisbətən çox olduğu yerlərdə-küçələrdə, parklarda, istərsə də sosial şəbəkələrdə və mediada vətəndaşları özünütəcrid etməyə və evdə qalmağa çağırırlar. İndiyədək 90-dan artıq QHT bu ictimai kampaniyada fəal şəkildə iştirak edir. QHT-lərin indiki həssas dönəmdə dövlətimiz və cəmiyyətimizlə yüksək həmrəylik nümayiş etdirməsi vətəndaşların karantin qaydalarına riayət etməsi, birlik göstərməsi üçün önəmli motivasiyadır".



REAL TV-nin baş redaktoru Səbinə Ağayeva "Evdə qal, cəmiyyəti qoru" adlı kampaniyanın əhatə dairəsinin genişləndiyini, QHT-lərin iştirak ilə hər gün monitorinq və məlumatlandırma prosesinin uğurla həyata keçirildiyini deyib. S.Ağayeva REAL TV-nin koronovirusla mübarizə sahəsində QHT-lərin fəaliyyətinə sonadək media dəstəyi verməkdə davam edəcəklərini vurğulayıb.



Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov "Şuranın 2020-ci ilin qrant müsabiqələrinin qalibi olan bəzi layihə mövzularının dəyişdirilərək koronavirusla mübarizə tədbirlərinə yönəldilməsi, bu haqda QHT-lərin ideya və təklifləri" mövzusunda geniş məruzə ilə çıxış edib. F.Qurbanov Şuranın QHT-lərin koronovirusla mübarizədə effektiv layihə təkliflərini dəstəklənəcəyini bildirib.

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Vüqar Bayramov koronovirusla əlaqədar hökumətin hazırladığı sosial paket barədə ətraflı məlumat verib.

Şura Katibliyinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud "Koronavirusla bağlı mübarizədə ümummilli həmrəyliyin gücləndirilməsində QHT-lərin rolu və vəzifələri" mövzusunda çıxış edərək QHT-lərin bu istiqamətdə olan fəalliyyəti barədə məlumat verib.

"Koronovirusla mübarizədə QHT sektorunun töhfəsi ilə bağlı ən yaxşı xarici təcrübə" mövzusunda Azərbaycan-Amerika Qadın Cəmiyyətinin sədri Minəvvər Vahabova və Azərbaycan İtaliya Gənclər Assosiasiyasının sədr müavini Kərim İsmayılov çıxış edib.



Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev ölkə QHT-lərini Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsində fəallığı artırmağa çağırıb.

Səhiyyə Nazirliyinin nümayəndəsi Səbinə Babazadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Sevinc Məmmədova və Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nahid Quliyev konfransda çıxış edərək qlobal pandemiya təhlükəsinin davam etdiyi hazırkı günlərdə QHT-lərin bu sahədə fəaliyyətinin zəruri olduğunu bildirərək əməkdaşlığa hazır olduqlarını deyiblər.

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Şuranın katibi Nərgiz Eyvazova, "Qəbələ Regional Gənclərin Resurs Mərkəzi" İctimai Birliyinin sədri Qalib Nəbiyev, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva, “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev, Şəmkir Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Fuad Bədəlov, Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Büllur Məmmədova, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas və digər QHT rəhbərləri çıxış edərək QHT-lərin koronovirusla mübarizə sahəsində fəaliyyətinin daha effektiv təşkili ilə bağlı təkliflərini səsləndiriblər. Toplantıda çıxış edən şəxslər mövcud şəraitdə QHT-lərin onlayn konfransının ən optimal variant olduğunu bildiriblər.



Videokonfransda QHT-lərin koronavirusla mübarizədə fəaliyyətlərini kodinasiya etmək və əməkdaşlığı artırmaq üçün QHT-lərin Online Operativ Qərargahının yaradılması barədə qərar qəbul olunub. Regionlarda koronovirus pandemiyası barədə QHT-lərin ictimai maarifləndirmə və monitorinq işini daha da genişləndirməsinə ehtiyac olduğu bildirilib. Toplantıda irəli sürülən bütün təkliflərin ümumiləşdirilərək Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunması qərara alınıb.

Konfrans iştirakçıları ölkəmizdə koronovirusla mübarizədə görülən təsirli tədbirlərə görə Cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər. QHT rəhbərləri həmçinin, fədakar fəaliyyətinə görə həkim və polisləri alqışlayıblar.

Azvision.az

Teqlər: QHT   Azay-Quliyev   Konfrans