Bakıda “Əgər SƏN olsaydın?” adlı Forum-Teatr keçirildi

  10 Mart 2020    Oxunub : 4388
Bakıda “Əgər SƏN olsaydın?” adlı Forum-Teatr keçirildi
“Əgər SƏN olsaydın?” layihəsi çərçivəsində ADO teatrında Forum-Teatr səhnəcikləri nümayiş etdirildi.
Almaniyanın EVZ fondunun dəstəyilə "Sülh üçün avropalılar" proqramı çərçivəsində həyata keçirilən üç günlük layihənin iştirakçıları 2 gün ərzində insan alveri ilə bağlı təlimlərdə iştirak etdilər. Təlim zamanı hüquqşünas Rövşanə Rəhimova Azərbaycan qanunvericiliyi və Avropa İnsan Hüquqları Məhkəməsinin insan alveri təcrübəsi ilə bağlı geniş məlumat verdi. Daha sonra, iştirakçılar Aynur Zərrintac ilə baş tutan təlimlərdə Forum-Teatrın tarixi barədə anlayışlarını genişləndirdilər və hazırlıqlara başladılar. Layihənin üçüncü günü, 9 mart tarixində isə təlimlər zamanı əldə etdikləri yeni biliklər sayəsində ssenari yazaraq tamaşaçılar qarşısında nümayiş etdirdilər.



Tamaşaçıların böyük maraqla qarşıladıqları tədbir zamanı iştirakçılar tərəfindən qadın və orqan alverinə həsr edilmiş 3 səhnəcik nümayiş etdirildi. Hər səhnəcikdən sonra tamaşaçılarla geniş müzakirələr aparıldı və problemin həll yolları təklif edildi.





Qeyd edək ki, dövrümüzün aktual problemlərindən olan insan alverinə həsr olunmuş "Əgər SƏN olsaydın?" layihəsi Leyla Cabbarzadə, Gülüzə Heydərli və Günel İbrahimovanın təşkilatçılığı ilə həyata keçirildi. Həmçinin, layihənin təşkilində "Sağlam Düşüncə" Gənclər Təşkilatı, İLM-learn beynəlxalq təhsil mərkəzi və Ritual mobil teatr laboratoriyası da iştirak etdi.

Azvision.az

Foto


Teqlər: ForumTeatr