Naxçıvanın ilk xizək sürənləri - FOTOLAR

  28 Yanvar 2020    Oxunub : 1393
Naxçıvanın ilk xizək sürənləri - FOTOLAR
Şahbuz rayonunun Ağbulaq kəndində fəaliyyətə başlayacaq Xizək Mərkəzində bir sıra işlər yekunlaşıb.
Azvision.az xəbər verir ki, artıq dağ-xizək enişinin bir hissəsi hazırdır. Burada dağ-xizək enişinin, kanat yolunun, xizəksürmə məktəbinin, əyləncə və uşaq parklarının yaradılması, süni qaryaratma sistemlərinin qurulması istiqamətində işlər davam etdirilir.



Hazırda kanat yolu qurulmaqdadır. 952 metr uzunluqda nəzərdə tutulan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metr olacaqdır. Kanat yolunda hər biri 4 yerlik olmaqla, 58 oturacaq quraşdırılacaq. Bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verəcəkdir. Kanat yolu vasitəsilə Şahbuz rayonunun əsrarəngiz gözəlliyini səmadan izləmək mümkün olacaq.



Qeyd edək ki, Mərkəzə qış turizminin həvəskarları üçün artıq turlar təşkil edilir. İlk tur fəal gənclər tərəfindən “Naxçıvanın ilk xizək sürənlərindən ol!” şüarı ilə təşkil edilib. Təşkil olunan turlara Naxçıvanın gəncləri və könüllülərinin marağı daha çoxdur. Hər turda 100-ə qədər gənc iştirak edir. Bundan başqa, Mərkəzdə qar motosikleti və xizək sürmək istəyənlər üçün təlimlər də keçirilir. Peşəkar təlimçilər tur iştirakçılarına bu idman növü barəsində və qaydalar haqqında məlumat verir, praktiki təmrinlər öyrədirlər. Təlimi uğurla başa vuranlara sərbəst şəkildə xizək sürmək üçün icazə verilir.

Qış mövsümünün sonuna qədər Mərkəzə mütəmadi olaraq turlar təşkil olunacaq və vətəndaşlar sərbəst şəkildə də mövcud olan xidmətlərdən istifadə edə bilərlər.





Azvision.az

Teqlər: Naxçıvan   Ağbulaq   XizəkMərkəzi