Bakı yarmarkalarından REPORTAJ

Bakı yarmarkalarından REPORTAJ
  21 Dekabr 2013    Oxunub:1230
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Qiymətlər bazar qiymətlərindən 25-30 faiz ucuz idi.
AzVision.az xəbər verir ki, bu gün Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunan yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılıb.

“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 17,7 ton məhsul, o cümlədən 0,6 ton ət, 0,2 ton ağartı, 5 ton tərəvəz, 5 ton meyvə və s. təklif olunurdu.

Paytaxt sakinləri isə yarmarkadan razı görünürdü.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 50, kartof 60-90, yumurtanın 1 ədədi 11 qəpiyə və s. satılır.

Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş yarmarkaya bu əraziyə təhkim olunan Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 52,5 ton meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, ağartı və digər məhsullar gətirilib.


Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, bugünkü yarmarkaya çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri, o cümlədən kartof, soğan, kələm, yerkökü, çuğundur, lobya, badımcan, balqabaq, bibər, alma, armud, nar, heyva, xurma, əzgil, göyərti və digər məhsullar üstünlük təşkil edir. Yeni il ərəfəsi yarmarkada daha çox bayram çərəzləri də nəzərə çarpır. Bütün məhsullar bazarlardakından 25-30 faiz, bəziləri hətta 40 faizədək ucuz satılır.

Yarmarkaya daxil olan bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Yarmarkada nəzarət tərəzisi qoyulan, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilib.

Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı, Qusar və digər rayonlardan 14 tona yaxın kənd təsərrüfatı məhsulları çıxarıldı.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılıb.

Bu yarmarkada da təklif edilən məhsulların keyfiyyətli və bazarlardakından 25-30 faiz ucuz olması qəsəbə sakinləri tərəfindən əlbətdə ki, razılıqla qarşılandı.

Şənbə günü Suraxanı rayonu ərazisində təşkil olunan yarmarkalarda - “Günəş” ticarət mərkəzində (21,1 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,4 ton) satışa Şəki, Samux, Quba, Balakən, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş, ümumilikdə, 23,5 ton məhsul çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada meyvələrdən alma, armud, üzüm, nar, heyva, xurma, tərəvəzlərdən pomidor, xiyar, göyərti, həmçinin mövsümi kənd nemətlərindən lobya, badımcan, bibər, kartof, soğan, balqabaq və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.

Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 212 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilib.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.

Yarmarkada sərfəli qiymətə heyva, naringi, portağal, feyxoa, nar, xurma, alma, yerkökü, çuğundur, xiyar, pomidor, kartof, soğan, bibər, göyərti və digər məhsullar təklif edilir.

Şəhər sakinləri məhsulların qiymətindən və keyfiyyətindən razıdırlar.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala rayonlarından 26 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən 2,5 min ədəd yumurta gətirilib.

Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun olaraq tərəvəzlərdən kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, meyvələrdən alma, armud, heyva, nar, xurma, əzgil, həmçinin ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.

Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.

Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qayda-qanuna ciddi nəzarət olunurdu.
Ağstafa, Siyəzən, Goranboy, Bərdə və digər rayonların fermerləri və digər torpaq mülkiyyətçiləri şənbə günü Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada alıcılara keyfiyyətli meyvə-tərəvəzlər, bostan və süd məhsulları təklif edirdilər. Şəhər sakinləri yerkökü, kartof, çuğundur, qozu, kələm, pomidor, xiyar, heyva, nar, alma, armud və digər meyvə və tərəvəzləri bazarlardakından 20-30 faiz ucuz qiymətlərə ala bilirlər.

Alıcılar yarmarkanın təşkilindən razı qaldıqlarını söyləyirlər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, yarmarkaya 34 ton məhsul gətirildi.


Teqlər:





Xəbər lenti