Braziliya Deputatları Qarabağa dair müraciət qəbul etdi

Braziliya Deputatları Qarabağa dair müraciət qəbul etdi
  21 Dekabr 2013    Oxunub:1367
Braziliya Deputatlar Palatasının komitəsi tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair müraciət qəbul olunub.

Braziliya Deputatlar Palatasının Kommunikasiya və Nəqliyyat Komitəsi tərəfindən Braziliya ilə əlaqələrin möhkəmləndirilməsinə təkan verən Embraer təyyarələrinin alınması münasibətilə Azərbaycanı təbrik etməsinə və eyni zamanda, Azərbaycan və Ermənistan Respublikalarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə səylərin artırılması çağırışına dair müraciət qəbul olunub. Bu barədə AzVision.az XİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata görə, Azərbaycan Respublikasının Hökumətinə ünvanlanan bu müraciət Braziliya Deputatlar Palatasının Kommunikasiya və Nəqliyyat Komitəsinin üzvü və sədri Rodriqo Mayanın 11 dekabr tarixli təklifi əsasında həmin komitə tərəfindən qəbul olunub.

Müraciət sənədində Braziliya ilə əlaqələrin möhkəmləndirilməsini təşviq edən və iki ölkə arasında məhsuldar işgüzar əməkdaşlığa təkan verən "Azərbaycan Hava Yolları" AZAL tərəfindən Embraer təyyarələrinin alınması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə təşəkkür ifadə olunub.

Sənəddə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bildirilib: "Eyni zamanda, biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunu, Ermənistan və Azərbaycan Respublikalarını Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq və ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına riayət edilməsi əsasında, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə səylərin artırılmasına çağırırıq".

Azərbaycanın yürütdüyü fəal siyasət nəticəsində son dövrlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı və Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi dünya ölkələrinin parlamentlərinin və yerli qanunverici orqanlarının gündəliyinə çıxarılıb.

Bu xüsusda, dünya ölkələrinin qanunverici orqanları tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilmiş, Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayət soyqırım kimi tanınmış və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həllinə çağıran bəyanatlar verilmişdir.

Bu sırada Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Serbiya, Bosnia- Herseqovina, Çex Respublikası, İordaniya parlamentləri və Texas, Yeni Meksika, Arkansas, Oklahoma, Pensilvaniya, Konnektikut, Qərbi Virciniya, Nyu Cersi, Tenessi və sair kimi ABŞ-ın 18 ştatının yerli qanunverici orqanları qeyd oluna bilər.

Qeyd edək ki, bu ilin fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş İƏT zirvə toplantısında qəbul edilmiş Qahirə yekun kommunikesində İƏT üzv ölkələrinin dövlət və hökumət başçıları tərəfindən 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırım əməlləri insanlığa qarşı cinayət kimi qiymətləndirilib və insanlığa qarşı cinayət olan bu soyqırım əməlinin milli və beynəlxalq səviyyələrdə tanıdılması üçün səylərin artırılmasına dair çağırışlar edilib.

Dekabr 9-11-də Qvineyanın paytaxtı Konakri şəhərində İslam əməkdaşlıq təşkilatının (İƏT) Xarici işlər nazirləri şurası tərəfindən qəbul olunan qətnamədə "Xocalıya Ədalət" kampaniyasına həsr edilmiş xüsusi bənd öz əksini tapıb.

Həmin bəndə əsasən İƏT üzv ölkələrinin xarici işlər nazirləri tərəfindən "Xocalıya Ədalət" beynəlxalq məlumat kampaniyası alqışlanıb və üzv dövlətlər bu soyqırım aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün Kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılıblar.


Teqlər:





Xəbər lenti