Yaşayış minimumu və ehtiyac meyarı artırıldı

Yaşayış minimumu və ehtiyac meyarı artırıldı
  20 Dekabr 2013    Oxunub:2669
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Qanuna əsasən, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilir.

Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilir.

Hər iki qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

Bundan əlavə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman imzalayıb.

Qanuna əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin gəlirləri 2 928 452 000,0 manat, xərcləri 2 928 452 000,0 manat məbləğində təsdiq edilir.

Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.

Bu qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət başçısı, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin gəlirləri 11 626 943,4 min manat, xərcləri isə 11 349 934,8 min manat məbləğində təsdiq edilir.

Qeyd edək ki, 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat, 2013-cü il üçün ehtiyac meyarının həddi isə 93 manat idi.


Teqlər:  





Xəbər lenti