`Şahdəniz-2` çərçivəsində daha 2 müqavilə bağlanıb

`Şahdəniz-2` çərçivəsində daha 2 müqavilə bağlanıb
  20 Dekabr 2013    Oxunub:1418
"Şahdəniz-2" çərçivəsində tikinti işləri üçün iki böyük müqavilə bağlanıb.
"Şahdəniz" konsorsiumu Xəzər dənizində "Şahdəniz" qaz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində tikinti işləri üçün iki böyük müqavilə bağlayıb. Bu, 17 dekabr tarixində Bakıda imzalanan "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarından sonra gerçəkləşib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, "bp Azərbaycan"dan verilən məlumata görə, birinci müqavilə Səngəçal terminalında "Şahdəniz-2" üçün yeni qurğuların tikintisi və istismar sınaqlarına dəstək işləri üzrə sənəddir. Bu müqavilə "Tekfen İnşaat ve Tesisat A.S." və "Azfen BM" arasında yaradılmış "Tekfen-Azfen" alyansı ilə bağlanılıb.

Müqavilənin iş həcmi aşağıdakılardan ibarətdir:

- Səngəçal terminalında əsas qaz və kondensat emalı qurğularının tikintisi;

- sualtı boru kəmərinin sahilə çıxdığı ərazidən terminal qurğularına qədər uzanan qaz, kondensat və MEQ (monoetilenqlikol) boru kəmərinin inşası;

- Səngəçaldakı mövcud terminalda yenidən quraşdırma işləri.

Bu müqavilənin dəyəri 998 milyon dollar təşkil edir. Bu müqavilə çərçivəsində nəzərdə tutulan işlərə 2014-cü ilin yanvar ayından başlanması planlaşdırılır və bu işlərin 2018-ci ildə başa çatacağı gözlənilir.

İkinci müqavilə isə "Şahdəniz-2" üzrə nəzərdə tutulan iki platformanın, yəni hasilat və dikborular platformasının (ŞDB-HR) və yaşayış bloklu texnoloji təchizat platformasının (ŞDB-YBTT) üst modullarının inşası, barjaya yüklənməsi, eləcə də sözügedən platformaların dənizdə sazlanması və istismara verilməsi işləri üçündür. Bu müqavilə "AMEC" MMC, "Tekfen İnşaat ve Tesisat A.S." və "Azfen" birgə müəssisəsindən ibarət "AMEC-Tekfen-Azfen" (ATA) konsorsiumu ilə bağlanılıb. Hər iki platformanın üst modulları ATA konsorsiumunun Bibiheybət ərazisində yerləşən tikinti-quraşdırma sahəsində inşa ediləcək. Bu müqavilənin dəyəri 974 milyon dollardır. Bu müqavilə çərçivəsində həyata keçiriləcək tikinti işlərinin də 2014-cü ilin yanvar ayında başlanması və 2018-ci ildə isə başa çatdırılması planlaşdırılır.

Şahdəniz tərəfdaşları (satınalma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: bp (operator) (28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10%), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%). Bu faizlərə "bp" və ARDNŞ-nin "Statoyl"dan müvafiq olaraq aldığı yuxarıda qeyd olunmuş iştirak payları daxildir. Bu əməliyyatlar onların yekunlaşması üçün 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır.


Teqlər:  





Xəbər lenti