“Maaş məsələsini açıb-ağartmayın” - Siyavuş Novruzov

“Maaş məsələsini açıb-ağartmayın” - Siyavuş Novruzov
  17 Dekabr 2013    Oxunub:1310
“Dünyada belə bir qayda var ki, kiminsə maaşını soruşmaq düzgün hal deyil”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisdə millət vəkillərinin maaşının artması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.

O mətbuata da müraciət edərək, cəmiyyəti çaşdırmamağı tələb edib:
“Cəmiyyəti çaşdırmaq, onlarda yalnış informasiya yaratmaq kimi hallar düzgün deyil. Artıq neçə illərdir ki, parlamentdə maaş artımı olmamışdı. Sovet ölkələrinə nəzər yetirdikdə görərik ki, ən az maaş məhz bizim ölkədir. Bir çoxları millət vəkillərinin maaşlarını müəllimlərin əmək haqları ilə müqayisə edirlər.

Qeyd etməliyəm ki, parlamentin cəmi 125 deputatı var. Təhsil sahəsində isə 500 min insan çalışır. Biz daima insanların sosial rifahının yaxşı olması üçün müxtəlif qanun layihələrini müzakirə edirik. Danılmaz faktdır ki, müəllim və həkimlərin maaşları da artır. Bu dövr ərzində onların əmək haqları 51 faiz artıb. Ona görə də bu məsələ də müqayisə etmək olmaz”.

Deputat qeyd edib ki, ordudan sonra ən çox vəsait məhz təhsilə ayırılır.
“Bir faktı da qeyd edim ki, bu ilin dövlət büdcəsindən təhsilə ayrılan vəsait həcminə görə ordudan sonra ikinci yerdə durur. Milli Məclisin büdcəsi isə onun 3-də biridir. Müxalifətdə iqtisadiyyatı dərindən bilməyən və insanları qızışdırmaq istəyənlər var. Onlar mütləq şəkildə dünya praktikasından istifadə etməlidirlər. Belə məsələləri ortaya atmağa ehtiyac yoxdur. Bu gün Azərbaycanda bütün sahələr üzrə müsbət inkişaf gedir. Ümumiyyətlə insanların əmək haqlarının soruşulması düzgün deyil. Bunu götürüb qəzetlərin gündəmini bəzəmək olmaz. Dünyada belə bir qayda var ki, kiminsə maaşını soruşmaq düzgün hal deyil. Ona görə də mətbuat nümayəndələrindən xahiş edirik ki, bunu öz səhifələrində çox da açıb ağartmasınlar”-deyə YAP-çı deputat bildirib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti