Prezident və birinci xanım ağacəkmə aksiyasında - FOTOLAR (YENİLƏNİB)

  06 Dekabr 2019    Oxunub : 5330
 Prezident və birinci xanım ağacəkmə aksiyasında - FOTOLAR (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Azərbaycanın filosof şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə mütəfəkkirin anadan olduğu Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.
Azvision.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiya çərçivəsində bir gündə ölkəmizdə 650 min ağac əkilib.

Dövlətimizin başçısına və birinci xanıma aksiya barədə məlumat verən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev dedi: Mehriban xanımın təşəbbüsünə əsasən bütün respublika üzrə bir gündə 650 min ağacın əkilməsi ilə bağlı böyük bir aksiyaya başlamışıq. Ağacların hamısı yerli tingliklərdə yetişdirilib və respublikanın bütün rayonlarının sifarişləri üzrə paylanılıbdır.

Prezident İlham Əliyev: Şamaxıda neçə min ağac əkilir?

Muxtar Babayev: Şamaxıda 50 min. Bakıda, Naxçıvanda, SabirabadSaatlı rayonlarının hər birində də 50 min ağac əkiləcək.

Prezident İlham Əliyev: Şamaxıda neçə yerdə ağac əkilir, ancaq burada?

Muxtar Babayev: Şamaxıda 10-12 yerdə əkilir. Bizim aksiyamızın keçirildiyi ərazi 5 hektardır.

Prezident İlham Əliyev: Hansı ağaclar əkilir?

Muxtar Babayev: Burada əsasən tuya və Eldar şamı. Amma, bütövlükdə 38 növ ağac paylanılıbdır. Əsasən meyvə ağaclarıdır ki, insanlar həm də meyvə götürsünlər.

Prezident İlham Əliyev: Ağaclar bölgələrin iqliminə uyğun olmalıdır.

Muxtar Babayev: Əlbəttə, nəzərə almışıq.

Prezident İlham Əliyev: Abşeronda yəqin ki, zeytun əkilir?

Muxtar Babayev: Abşeronda əsasən zeytundur, badamdır. Burada isə əsasən Eldar şamıdır. Əkilən ağaclar əsasən damcı üsulu ilə suvarılacaq. Bu sistem artıq Sabirabadda, Şamaxıda qurulur. Digərlərində ağaclar hələ ki ənənəvi üsulla suvarılacaq.

Prezident İlham Əliyev: Ancaq qulluq etmək lazımdır. Mən gələndə gördüm ki, yolboyu əkilmiş bəzi ağaclar quruyub.

Muxtar Babayev: Quruyan ağacların hamısı mütləq dəyişdiriləcək, onlara qulluq olunacaq. Ümumiyyətlə, aksiya səhər tezdən başlayıb. Bir neçə gündür hazırlıq işləri görülübdür. Bütün rayonlarda bu işlər çox böyük əhval-ruhiyyə ilə görülür və günün sonuna bizim hesabatımız olacaq.

Prezident İlham Əliyev: Çox yaxşı.

***


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağac əkdilər. Sonra dövlətimizin başçısı və birinci xanım aksiyada iştirak edən gənclərlə xatirə şəkilləri çəkdirdilər.

Qeyd edək ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 83 şəhər və rayonda 38 növdə 650 min ağac əkilib. Aksiya ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların əkiləcəyi ərazilərin elektron xəritəsini hazırlayıb. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən ərazilərdə müvafiq hazırlıq işləri görülüb. Əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemindən və suvarma kanallarından istifadə olunacaq.



Şamaxı rayonundakı ağacəkmə aksiyasında 50 minədək ağac əkilib. Şamaxı şəhərinin girişindəki ərazidə keçirilən aksiyada isə 5 min ağac əkilib. Bu ərazinin relyefinə uyğun olaraq burada əsasən tuya və Eldar şamı əkilib. Burada əkilən ağaclar ilə “Nəsimi 650” yazısı formalaşdırılacaq. Aksiyada 300-dək şamaxılı gənc və könüllü ilə yanaşı, IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin üzvləri və könüllüləri də fəal iştirak ediblər.





















Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Şamaxı