AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

  05 Dekabr 2019    Oxunub : 963
AzerTelecom və KOBİA əməkdaşlıq edəcək
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkəti dekabrın 3-6 tarixlərində Bakıda keçirilən “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq barədə Niyyət Protokolu imzalayıb.
Sənədi AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. Sənəd kiçik və orta biznesin inkişafının dəstəklənməsi çərçivəsində qarşılıqlı fəaliyyətin təşkili, dövlət və özəl sektor arasında praktik fəaliyyətin genişləndirilməsi, innovativ təşəbbüslərin realizasiyası, innovasiya infrastrukturundan birgə istifadə edilməsi, startapların, kiçik və orta biznes subyektlərinin potensialının artırılması ilə bağlı dəstəyin göstərilməsi, AzerTelecom şirkətinin icra etdiyi Azerbaijan Digital Hub proqramı çərçivəsində birgə tədbirlərin təşkili və digər əlaqəli fəaliyyəti özündə əks etdirir.

Qeyd edək ki, “Bakutel-2019” sərgisində həmçinin, KOBİA-nın təşkilatçılığı, magistral internet provayderi AzerTelecom şirkətinin dəstəyi ilə 10 startap və kiçik sahibkarlıq subyektinin məhsul və xidmətləri ayrıca stenddə nümayiş olunur. Sərgi dekabrın 6-dək davam edəcək.

AzerTelecom Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün Azerbaijan Digital Hub (ADH) proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, IT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir.

Teqlər: