Dini Komitə: “Məsciddə təmir adı ilə tariximizi saxtalaşdırırlar”

  10 Oktyabr 2019    Oxunub : 1655
 Dini Komitə: “Məsciddə təmir adı ilə tariximizi saxtalaşdırırlar”
“Ermənilərin Şuşada yerləşən tarixi Yuxarı Gövhərağa məscidində təmir adı altında gördükləri işlər bizim tariximizi saxtalaşdırmaq məqsədi daşıyır. Ermənilər tərəfindən Azərbaycana məxsus tarixi abidələr məqsədyönlü şəkildə dağıdılır”
Azvision.az -ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun szölərinə görə, bu, beynəlxalq miqyasda mənəvi irsin qorunması ilə bağlı qəbul edilmiş konvensiyalara, müxtəlif paktlara ziddir:

"Bizim komitə tərəfindən bu mövqe açıq şəkildə bildirilib. Bizi məyus edən odur ki, ermənilərin bu mənhus fəaliyyətində bizə dost və qardaş ölkə olan İran İslam Respublikasının hansısa şirkəti də iştirak edir. Araşdırma zamanı məlum olub ki, həmin şirkətin rəhbəri İrəvanda memarlıq təhsili alıb. Bu məni də təəccübləndirir ki, İrəvanda ona nə öyrədə bilərlər? Yəqin buna öyrətdikləri elə bu kimi hərəkətlər olub. Biz bu addımı pisləmişik. Çünki İran İslam Respublikası bizə dost və qardaş ölkədir. İslam Əməkdaşlıq Təşkilatında da Ermənistanın işğalçı siyasəti qətiyyətlə pislənilib. İslam dininə aid tarixi abidələrin üzərində ermənilərin bu cür əməl törətməsi bütün islam aləmi tərəfindən pislənilməlidir. Ermənilər nə vaxtdan islam dəyərlərinə qiymət veriblər?!”.

M. Qurbanlı qeyd edib ki, ermənilərin həm siyasi, həm hərbi, həm də mənəvi vandalizmi hər zaman özünü göstərib. Belə ki, ermənilərin vandal hərəkətləri əslində insanlıq əleyhinə törədilib:

"Əgər tarixə fikir versək görərik ki, onlar İrəvan xanlığına məxsus tarixi abidələrimizi dağıdıblar. Bu fəaliyyətlərini işğal olunmuş ərazilərimizdə də davam etdirirlər. Ona görə də ermənilərin hansısa məscidi bərpa adı altında islama münasibətlərini göstərmək cəhdləri saxtakarlıqdan başqa bir şey deyil. Bu saxtakarlıq adı altında Azərbaycana aid abidələrin özgəninkiləşdirilməsi prosesi gedir. Onların bu vandal hərəkətlərini qətiyyətlə pisləyirik".

Azvision.az

Teqlər: Məscid