Fuad Ələsgərov: “Azərbaycanda vəkillərin sayı iki dəfə artıb” - Yenilənib

  04 Oktyabr 2019    Oxunub : 4940
 Fuad Ələsgərov: “Azərbaycanda vəkillərin sayı iki dəfə artıb” - Yenilənib
“Ölkəmizdə vəkillik mürəkkəb inkişaf yolu keçib. Lakin heç şübhəsizdir ki, bu təsisat özünün ən yüksək inkişaf səviyyəsinə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə nail olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya cəmiyyətimizin müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidinin bünövrəsini qoyub”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda fundamental hüquqi, iqtisadi, sosial islahatların aparıldığı, azad sahibkarlığın inkişaf etdirildiyi şəraitdə yeni tipli vəkillik təsisatına zərurət yaranıb:

“Müstəqil Azərbaycanın yeni demokratik Konstitusiyası vəkilliyin hüquqi vəziyyətinin köklü şəkildə dəyişdirilməsinə və onun insan hüquq və azadlıqlarının səmərəli təmini mexanizmi qismində formalaşdırılmasına əsas yaradıb. İnsan hüquqlarının etibarlı müdafiəsi sabit, demokratik dövlətin təməl daşı və hər bir cəmiyyətin yetkinliyinin göstəricisidir. Bu mənada, 1998-ci ildə, islahatların növbəti mərhələsində qəbul edilən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ da daxil olmaqla, Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların real təminatı kimi böyük əhəmiyyət kəsb edib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin iştirakı ilə hazırlanan bu Qanun vəkillərin yeni hüquqi statusunu və müstəqilliyinin təminatlarını müəyyən etmiş, habelə digər qanunvericilik aktları ilə birlikdə tərəflərin prosessual bərabərliyi prinsipini təsbit edib”.

Fuad Ələsgərov qeyd edib ki, cəmiyyətin təkamülü prosesi dayanmır, müasir dövrdə ictimai münasibətlər tarixin heç bir mərhələsində müşahidə edilməyən yüksək sürətlə dəyişir. Belə ki, bu proses bütün dövlətlərdən iqtisadi, sosial, hüquqi və digər mexanizmlərin daim təkmilləşdirilməsini tələb edir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin dayanıqlı tərəqqisinin təmin edilməsinə yönəlmiş ardıcıl siyasət həyata keçirir. Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi, o cümlədən vəkillik təsisatının möhkəmləndirilməsi bu siyasətin prioritetlərindəndir. Prezidentin Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 2018-ci ilin fevral ayında imzaladığı Sərəncam qeyd edilən sahədə atılan vacib addımların bariz nümunəsidir.

Sərəncamda ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının əhəmiyyəti xüsusi qeyd olunub. Həmin sənəddə bu təsisatın təkmilləşdirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin əsas istiqamətləri ölkənin regionlarında vəkillik qurumlarının fəaliyyətinin genişləndirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə aztəminatlı şəxslər üçün hüquq xidmətlərinin əlçatanlığının artırılmasıdır.

Sərəncama əsasən aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb. Eyni zamanda, qeyd edilən Sərəncamda Vəkillər Kollegiyasına bir sıra tövsiyələr verilib, xüsusilə, gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi yolu ilə ölkədə vəkillərin sayının artırılması tövsiyə olunub. Vəkillər Kollegiyası rəhbərliyinin bu istiqamətdə məqsədyönlü fəaliyyəti nəticəsində Sərəncamın qəbulundan ötən dövr ərzində ölkədə vəkillərin sayı, demək olar ki, 2 dəfə artıb və bu proses davam etməkdədir”.

Prezidentin köməkçisi vurğulayıb ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli, proqram xarakterli Fərmanında Vəkillər Kollegiyasının maliyyə müstəqilliyinin yüksəldilməsinə yönəlmiş müddəalar nəzərdə tutulub:

“Hazırda məhkəmə -hüquq islahatlarının davam etdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət işçi qruplar fəaliyyət göstərir. Biz yeni qanunvericilik paketi üzrə işi yekunlaşdırmaq üzrəyik. Göründyü kimi Azərbaycan vəkilliyin inkişafının dəstəklənməsi məqsədi ilə əhəmiyyətli tədbirlər görülməkdədir. Bu hüquq təsisatının təkminləşdirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.

Göründüyü kimi, Azərbaycanda vəkilliyin inkişafının dəstəklənməsi məqsədi ilə əhəmiyyətli tədbirlər görülməkdədir və bu hüquq təsisatının təkmilləşdirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək. Sözsüz ki, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və təhlili bu fəaliyyətin mühüm tərkib hissəsidir”.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: FuadƏləsgərov   Vəkil   Prezidentin-Köməkçisi