Dövlət Komitəsində İsrail nümayəndə heyəti ilə görüş olub

  02 Oktyabr 2019    Oxunub : 893
Dövlət Komitəsində İsrail nümayəndə heyəti ilə görüş olub
Oktyabrın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İsrailin bir sıra şəhərlərinin ölkəmizdə səfərdə olan rəsmi təmsilçiləri və bu ölkədəki Azərbaycan diasporu nümayəndələri ilə görüşüb.
Komitədən Azvision.az -a verilən məlumata görə, görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri haqqında məlumat verilib. Qeyd edilib ki, münaqişə minlərlə insanın doğma yurd-yuvasını tərk etməsinə və ağır məhrumiyyətlərə məruz qalmasına səbəb olub. Münaqişənin ilk illərində ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda humanitar fəlakətin baş verməsinin qarşısı alınıb.

Qonaqların diqqətinə çatdırılıb ki, münaqişənin təsiri bu gün də hiss olunur. Doğma torpaqlarına qayıtmaq istəyən məcburi köçkünlərin bir qismi hələ də zirzəmi, yarımtikili və bir sıra inzibati binalarda ağır şəraitdə yaşayırlar. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən imzalanmış Dövlət Proqramına uyğun olaraq yeni qəsəbələrin salınması davam etdirilir. İndiyədək 300 mindən çox məcburi köçkün yeni evə və mənzillərə köçürülüb. Bundan başqa, məcburi köçkünlərin maddi rifahının yüksəldilməsi və məşğulluğunun təmin olunması üçün də mühüm tədbirlər görülür.

Məcburi köçkünlər üçün yeni qəsəbələrin salınmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə özəl sektor da qoşulub. Yerli sahibkarlıq subyektlərinin iştirakı ilə inşa edilmiş 2 yaşayış kompleksi məcburi köçkünlərin istifadəsinə verilib, yenilərinin inşası davam etdirilir.

Ölkəmizlə sıx dostluq əlaqələri olan İsrailin azərbaycanlı məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşdığı qeyd olunub. Azərbaycanda müxtəlif dövrlərdə fəaliyyət göstərmiş səfirlərin məcburi köçkünlərin yaşayış şəraiti və problemləri ilə yaxından maraqlandığı məmnunluqla xatırlanıb.

Azərbaycanın tolerant və multikulturalizm baxımından dünyada model ölkə olduğunu qeyd edən qonaqlar ölkəmizdə özlərini vətənlərindəki kimi hiss etdiklərini deyib. Qeyd edilib ki, yəhudi icması Azərbaycanda iki min ildir təhlükəsiz şəraitdə yaşayır. Bu iki ölkə arasındakı münasibətlərdə mühüm rola malik faktorlardan biridir.

Eyni zamanda, Azərbaycan dövlətinin məcburi köçkünlərlə bağlı problemlərin həlli sahəsindəki təcrübəsinin əhəmiyyətli olduğu qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: Komitə   İsrail