Yapon mətbuatı bizdən yazdı- İqtisadi məqalə

Yapon mətbuatı bizdən yazdı- İqtisadi məqalə
  07 Dekabr 2013    Oxunub:1405
“Şərq-Qərb, Avrasiya enerji dəhlizinin mərkəzi - Azərbaycan”.
AzVision.az xəbər verir ki, Yaponiyanın dünyada enerji təhlükəsizliyi məsələlərini işıqlandıran https://azvision.az/redirect.php?url=http://gendai.ismadia.jp/ saytında tanınmış iqtisadçı ekspert, “World İnvesters TV” internet televiziyasının prodüseri İşida Kazyasunun “Şərq-Qərb, Avrasiya enerji dəhlizinin mərkəzi - Azərbaycan” sərlövhəli məqaləsi yerləşdirilib.

Cari ilin oktyabrında Odlar Yurdu Azərbaycana səfəri haqqında məlumat verən müəllif bir il əvvəl də Bakıda olduğunu və ötən dövrdə şəhərin sürətlə dəyişdiyini bildirir. Qeyd edir ki, ölkə rəhbərliyi xam neftin və təbii qazın hasilatından əldə olunan mənfəəti Azərbaycan Respublikası Dövlət Neft Fondunda toplayaraq, ondan respublikanın bu günü və gələcəyi üçün bacarıqla istifadə etməyə çalışır. Azərbaycan, həmçinin Şərq-Qərb enerji dəhlizinin mərkəzində yerləşərək, Avrasiyanı birləşdirən körpü rolunu oynayır. İslam ölkələri arasında öz modeli ilə seçilən ölkənin artan rolu aparıcı analitik mərkəzlər, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT və NATO kimi qurumlar tərəfindən də etiraf olunur.

Azərbaycana səfəri zamanı bunun canlı şahidi olduğunu bildirən müəllif, NATO-nun “Azərbaycan enerji təhlükəsizliyində ən ciddi müttəfiqdir” rəsmi bəyanatını oxucuların diqqətinə çatdırır.

İ.Kozuyasu Azərbaycanda müxtəlif elementlərin - tarix, mədəniyyət, milli eynilik kimi xüsusiyyətlərlə yanaşı, dini dözümlülüyün, tolerantlığın adi həyat normasına çevrildiyini vurğulayaraq, burada müxtəlif xalqların dinc yanaşı yaşamasını xüsusi qeyd edir.

Hazırda ölkənin qaz yataqlarının istismarı istiqamətində ciddi addımlar atdığını bildirən müəllif, bu istiqamətdə də dünyanın diqqətinin Azərbaycana yönəldiyini vurğulayır. Bildirir ki, öz paytaxtını bir il ərzində tanınmayacaq dərəcədə dəyişən Azərbaycan gələcək nəsillər üçün mühüm stimul yaradır.

Müstəqilliyin bərpasından sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası nəticəsində Azərbaycanın dünyanın enerji təminatındakı rolunun artdığı yazıda xüsusi olaraq diqqətə çatdırılır. Bildirilir ki, bu kəmərlər tezliklə ölkənin sürətli inkişafına təkan verib.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarında Yaponiya şirkətlərinin də iştirakı xüsusi qeyd edilir.

Azərbaycanın öz karbohidrogen ehtiyatlarını şaxələndirilmiş qaydada dünya bazarlarına nəql etdiyini yazan İ.Kazyasu bunun iqtisadiyyatın şaxələndirilməsinə də təkan verdiyini bildirir. Avropanın bu şaxələndirmədən ancaq qazandığı, burada qaza böyük tələbatın mövcudluğu oxucuların nəzərinə çatdırılır.

Bakıda olduğu müddətdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti ilə keçirdiyi görüşü xatırladan müəllif, ölkənin sabit enerji hasilatçısına və onun şaxələndirilmiş nəqlinə üstünlük verməyə çalışdığı barədə onun sözlərini sitat gətirir. Qeyd edir ki, Azərbaycan neft kapitalını insan kapitalına çevirməyə çalışır. Eyni zamanda, ekoloji parkın yaradılmasına, neft tullantılarının təmizlənməsinə, neft və qaz hasilatında yeni texnologiyaların tətbiqinə xüsusi üstünlük verilir.

Vurğulanır ki, artıq bütün beynəlxalq aləm Azərbaycanı enerjinin sabit və şaxələndirilmiş təchizatçısı kimi qəbul edir. Məqalədə Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində günbəgün artan önəmli rolu xüsusi qeyd edilir.


Teqlər:





Xəbər lenti