YAP-da qanvermə aksiyası keçirilib - FOTOLAR

  06 Sentyabr 2019    Oxunub : 1242
YAP-da qanvermə aksiyası keçirilib - FOTOLAR
Sentyabrın 6-da Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə növbəti qanvermə aksiyası keçirilib.
Azvision.az xəbər verir ki, Partiyanın İcra Katibliyində təşkil olunan aksiyada Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP-ın Bakı şəhəri və Abşeron rayon təşkilatlarının üzvləri iştirak ediblər.



YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu aksiya partiya üzvlərinin vətənpərvərliyindən, onların ölkəmizdə həyata keçirilən bütün xeyirxah işlərdə fəallıq göstərməkdə maraqlı olmasından xəbər verir. Bu aksiyanın məhərrəmlik ayına təsadüf etdiyini deyən S.Novruzovun sözlərinə görə, dini mərasimlər dövründə dindən kənar hərəkət etmək olmaz: “Kimsə aşura günü zəncir vurur, başını yarır, amma bunların heç biri olmaz, çünki Quran qadağan edir. Allah da buyurub ki, heç kəs öz bədəninə ziyan vura bilməz. Ona görə də, ən düzgün yol qan verməkdir. Aşura günü insanlar məscidlərə gedib qan versinlər”.



Bu təşəbbüsün əhəmiyyətini vurğulayan S.Novruzov deyib ki, aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən uşaqlara böyük yardım edəcək. Partiyamızın üzvlərinin aksiyada fəal iştirak etdiyini deyən S.Novruzov söyləyib ki, YAP bu cür təşəbbüslərlə mütəmadi olaraq çıxış edir və belə aksiyalar gələcəkdə də davam edəcək.



Qanvermə aksiyasının humanist xarakterli tədbir olduğunu deyən YAP İcra katibinin müavini bildirib ki, partiyanın üzvləri bu təşəbbüsləri ilə həm də nümunə göstərirlər.

Qeyd edək ki, qanvermə aksiyasında ümumilikdə 300 nəfər iştirak edib.

Azvision.az

Teqlər: YAP   Qanvermə