Strateji yol xəritələrinin icra vəziyyəti müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektorunun artım tempi 3 faiz, qeyri-neft sektoru üzrə ixrac 17 faiz və qeyri-neft sənayesi 15,8 faiz artdığı halda inflyasiya cəmi 2,7 faiz təşkil edib və manatın sabitliyi qorunub.
V.Qasımlının sözlərinə görə “əkiz balanslar” – tədiyə balansı və icmal büdcənin balansında müsbət saldonun olması makroiqtisadi sabitlik üçün əsasdır və inqilabi sosial paketin həyata keçirilməsinə zəmin yaradır: “Milli iqtisadiyyat perspektivi strateji yol xəritəsinə uyğun olaraq biznes
mühitinin əlverişliliyinin artırılmasının səbəbidir ki, dünyada və regionda sərmayə həcmi azaldığı halda, Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektoru üzrə kapital qoyuluşları 9,7 faiz artaraq 4,6 milyard manata çatıb. Eyni zamanda, fiskal dayanıqlılığın artırılması üçün büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, icmal büdcənin yuxarı həddi və borc strategiyası qəbul edilib. Nəticədə dövlət büdcəsinin neft sahələrindən gəlirləri cari ilin birinci yarımilliyində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 251 milyon manat və ya 4,3 faiz azalsa da, qeyri-neft sahələrindən gəlirlər 841,1 milyon manat və ya 20,6 faiz artıb”.
Qeyd edək ki, “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, ASAN xidmət və digər qurumların nümayəndələri iştirak ediblər.
Azvision.az
Teqlər: Mərkəz