İstanbulda “Xəzər Davosu” başladı - YENİLƏNİR

İstanbulda “Xəzər Davosu” başladı - YENİLƏNİR
  05 Dekabr 2013    Oxunub:1355
Bu dəqiqələrdə İstanbulun Çırağan Sarayında üçüncü “Xəzər Forumu” başlayıb. Türkiyə mediası artıq bu forumu “Xəzər Davosu” adlandırır – dünənki və bugünkü bir sıra qəzetlərdə məhz bu ifadə işlədilib.

Bu gün Forumda Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Nəqliyyat, dənizçilik və rabitə naziri Binəli Yıldırım, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çıxış edəcəklər. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov da Forumda iştirak edir.

Forumda öncə qonaqları salamlayan Xəzər Strateji İnstitutunun (HASEN) rəhbəri Haldun Yavaş bildirib ki, tədbirin məqsədi qloballaşan dünyanı Xəzər bölgəsinin enerji, nəqliyyat və iqtisadi imkanları ilə daha yaxından tanış etmək, bununla da iş birliyi üçün yeni imkanlar açmaqdır.

Forumda Türkiyə Prezidenti Abdullah Gülün iştirakçılara müraciəti oxunub. Müraciətdə qeyd olunur ki, Azərbaycan-Türkiyə iş birliyi regionu bütün dünya üçün əməkdaşlıq bölgəsinə çevirib: “Xəzər bölgəsində çox geniş imkanlar mövcuddur. Məqsədimiz bu bölgənin sülh, sabitlik və inkişafı üçün çalışmaqdır”,- deyə məktubda bildirilir.

Daha sonra Prezident Adminstrasiyasının İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə deyilir ki, son vaxtlarda Xəzər regionunun geostrateji önəmi xeyli artıb: “Ümid edirəm ki, Forumda aparılan müzakirələr regionda əməkdaşlığın daha da inkişafına öz töhfəsini verəcək”.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, hazırda bölgədə bir neçə enerji layihəsi olsa da, gələcəkdə olar bir-birinə rəqib olmayacaq, əksinə, bir-birini tamamlayacaq.

Dünyanın enerjiyə olan ehtiyacının getdikcə artacağını deyən Yldız Hindistanda nəhəng bir enerji bazarının yaranmaqda olduğunu deyib. “Türkiyə bütün layihələrə pozitiv baxmaqdadır. Biz nəql etməyə hazırıq, təki Xəzər bölgəsi hasil etsin”,-deyə Yıldız əlavə edib.

Nazir TANAP layihəsinin önəminə toxunaraq, Azərbaycana Türkiyənin dünyanın enerji xəritəsinə yeni reallıqlar gətirdiyini söyləyib.

Hazırda Forum panellərdə müzakirələr formasında davam edir.

Vüsal Məmmədov
AzVision.az / İstanbul


Teqlər:  





Xəbər lenti