Gəncədə kurqanlardan ibarət park yaradılacaq

  21 Avqust 2019    Oxunub : 549
Gəncədə kurqanlardan ibarət park yaradılacaq
Gəncə şəhəri ətrafında aparılan tədqiqatlar zamanı burada açıq havada kurqanlardan ibarət arxeoparkın yaradılması üçün əlverişli şəraitin olduğu aydınlaşıb.
Azvision.az xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətində CAMNES elmi tədqiqat mərkəzi və İtaliyanın Kataniya Universitetinin professoru Nikola Lanerlə keçirilən görüşdə məlumat verilib. Nikola Laner deyib ki, unikal arxeoparkın yaradılması yerli əhali ilə bərabər turistlərin də diqqətini çəkəcək.

İcra hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncənin qədim tarixə malik olduğunu qonaqların nəzərinə çatdırıb. Qeyd edib ki, bu cür arxeoparkın yaradılması Azərbaycanın keçmişi barədə daha dolğun məlumat verməyə imkan yaradacaq, həmçinin Gəncə və ətraf bölgələrə turizm axınına təkan verəcək. O, bu işdə Gəncə Şəhər İcra Hakimiyyətinin öz dəstəyini əsirgəməyəcəyini bildirib.

Danışıqlar zamanı Gəncə şəhərində fəaliyyət göstərən universitetlərlə “Erasmus” layihəsi çərçivəsində şərabçılığın və turizmin təbliğatı ilə bağlı elmi mübadilə məsələləri də müzakirə edilib. Sonda açıq səma altında arxeoloji muzeyin şüşə örtüklə sərgisinin yaradılması barədə razılıq əldə olunub.

Qeyd edək ki, görüşdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Gəncə arxeoloji ekspedisiyasının rəhbəri Bəxtiyar Cəlilovun başçılıq etdiyi nümayəndə heyəti, həmçinin AMEA-nın Gəncə bölməsinin sədri, professor Fuad Əliyev və ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov da iştirak edib.

Azvision.az

Teqlər: Gəncə