Nikahdankənar doğulan uşaqlar - Bakı kəndləri ilk üçlükdədir

  05 Avqust 2019    Oxunub : 3404
Nikahdankənar doğulan uşaqlar - Bakı kəndləri ilk üçlükdədir
Ötən il Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 20 716 uşaq dünyaya gətirilib. Bu rəqəm 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288, 2015-ci ildə 24 038, 2014-cü ildə 25 486 olub.
Son 5 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub. Həmin ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı bütün diri doğulanların 16,5 faizini təşkil edib.

BMT-nin Qadınlara Qarşı Ayrı-Seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsinin üzvü Elgün Səfərov Azvision.az -a bildirib ki, araşdırmalara əsasən, uşaq nikahları, selektiv abort problemləri, nikahdan kənar doğulan uşaqlar, yetkinlik yaşına çatmayanlar tərəfindən doğulan uşaqların göstəricisi xüsusilə Bakı şəhərinin kəndlərində aşağı düşmür və ilk üçlükdədir.



"Regionlardan isə Gədəbəy, Daşkəsən, Şəki bu problemlərə görə ilk yerlərdədir. Mingəçevirdə də uşaq nikahları ilə bağlı bəzi problemlər var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Quba-Qusar, Gəncə-Gədəbəy zonasına, Abşeron rayonu, Bakı şəhəri və kəndlərinə elektron açarlar paylanılıb. Digər zonalara isə bu açarlar verilməyib. Real vəziyyəti qiymətləndirmək üçün məişət zorakılığı elektron açarlarının bütün regionlara paylanılması lazımdır. Bundan əlavə, maarifləndirmə işləri də aparılmalıdır. Biz bu işi görürük. Lakin bir-iki qurumun işi ilə bu əhatə olunmamalıdır. Bu gün cəmiyyətdə buna qarşı yanaşma dəyişməlidir. Qız uşağı təhsil almalıdır, ali təhsilə müraciət etməlidir, məşğulluğa cəlb edilməlidir".



E.Səfərov bildirib ki, qeyri-rəsmi nikahlardan bu gün 18 000-20 000 uşaq doğulursa, bunun 2500- 3000-ü yetkinlik yaşına çatmayan şəxslər tərəfindən doğulan uşaqlardır.

"Onlar rəsmi nikaha müraciət etmədən birgə yaşayışa başlayıblar. Qohumlar da gedib o toylarda iştirak edir, biri belə bunun cinayət olduğunu demir. Əsas məqsədimiz ondan ibarətdir ki, maarifləndirmə işini daha gücləndirək, ailədə rəsmi münasibətləri stimullaşdıraq. Bununla, ailədə qadının və uşağın hüquqları tam təmin edilsin".

E.Səfərov bu gün dövlət sığınacaqlarının da vacibliyini qeyd edib: "Dövlət sığınacağı olmalıdır, bunun üçün maliyyə ayrılmalıdır. Bu sığınacaqlarda peşəkar əməkdaşlar olmalı, təhlükəsizlik, məişət zorakılığı qurbanının geyimi, qidası, sağlamlığı təmin edilməli, təhsil almaq hüquqi davam etdirilməli və psixoloji dəstək almalıdır. Bu nümunəli 1-2 dövlət sığınacağı olmalıdır ki, QHT-lər də o nümunələrə uyğun standartlara əsasən fəaliyyət göstərsinlər.

Bundan əlavə, insan alveri qurbanları üçün müavinət 700 manata qədər artırıldı. Məişət zorakılığı qurbanlarına da ilkin müavinətin təmin edilməsi vacibdir. Bununla onlar geyim və qidanı təmin edə bilər".

Aytən Zəhra
Azvision.az

Teqlər: Nİkah   Uşaq