Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü cəbhə bölgəsində qeyd olunub

  13 İyul 2019    Oxunub : 918
Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü cəbhə bölgəsində qeyd olunub
Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibəti ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə iyulun 12-də Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açıb, onun respublikaya ilk dəfə rəhbərlik etdiyi dövrdə bu günkü müstəqilliyimiz üçün mühüm iqtisadi və mənəvi potensial yaradıldığını bildirib.

Qeyd edilib ki, məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırıldığı və təqiblərə məruz qaldığı dövrdə Qarabağda erməni separatizmi baş qaldırıb, Ermənistan ərazi iddiaları irəli sürərək hərbi təcavüzə əl atıb. Müstəqil dövlətçiliyimizin xilası və xalqımızın üzləşdiyi bəlalardan qurtulması onun yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtması sayəsində mümkün olub.

Diqqətə çatdırılıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasını tərk etmiş qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində sistemli dövlət siyasətinin əsası da ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət müasir dövrdə daha da zənginləşdirilərək möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün ardıcıl olaraq kompleks tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan insanlar üçün indiyədək bütün zəruri infrastruktur obyektləri ilə təchiz edilmiş 104 qəsəbə tikilib istifadəyə verilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı işlərin sürətləndirilməsinə dair verdiyi tapşırığın icrasını şəxsən nəzarətdə saxlayır və bu sahədə işlər ardıcıllıqla davam etdirilir. Sonra respublikamızın tanınmış incəsənət ustaları ağdamlılar qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə, əsasən, xalq mahnıları, muğam parçaları ifa olunub.

Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, məcburi köçkünlər və Ağdam rayonunun sakinləri iştirak ediblər.

Azvision.az

Teqlər: