Sosial şəbəkələrdəki problemin gizli səbəbləri

  04 İyul 2019    Oxunub : 1380
Sosial şəbəkələrdəki problemin gizli səbəbləri
Son günlər sosial şəbəkələrdə ciddi problemlər müşahidə edilir. Ötən gün "Facebook", "İnstagram" və "Whatsapp"ın fəaliyyətində yaranan nasazlıq istifadəçiləri narahat etməyə başlayıb. Belə ki, 5 saatdan sonra sosial şəbəkələrdə foto, video və digər faylların yüklənməsi mümkün olub. Problemin səbəbləri barədə rəsmi açıqlama verilməyib.
Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz Azvision.az -a bildirib ki, sosial şəbəkələrdəki problemin uzun müddət davam etməsi qlobal resurslar üçün xoşagələn hal deyil. Onun sözlərinə görə, adətən sosial şəbəkələrdə problemlər qısa müddətli olur və dərhal aradan götürülürdü. Bu dəfə isə problem 5 saatdan sonra həll edildi.

“Bu, kifayət qədər ciddi problem olduğunun göstəricisidir. Hələlik səbəbləri açıqlamayıblar. Sadəcə üzrxahlıq ediblər və problemin aradan qaldırıldığını deyiblər. Fikrimcə, problemlərin uzun müddət olması, açıqlamaların verilməməsi “Facebook” rəhbərliyinində ciddi dəyişikliklərin aparılmasının göstəricisidir. Son illər “Facebook”a qarşı manipulyasiya, onların hökmranlıq mövqeyinin dövlətlərə və cəmiyyətlərə daha ciddi təsir imkanlarının olması ilə əlaqədar təpkilər var idi. Təpkilərdən dolayı rəhbərin hesabatı Avropada, Amerikada, Böyük Britaniyada dinlənilirdi. Problemin bundan qaynaqlandığını düşünürəm. Ola bilsin ki, bu qurumlarda müəyyən liberallaşma işləri aparıla bilər. Onların hansısa təsirlərinin azalması, inhisarçı möveyinin zəiflədilməsi, dövlətlər, cəmiyyətlər üçün daha şəffaf nəzarətedici mühitin yaradılması gözlənilə bilər”.



O.Gündüz qeyd edib ki, müşahidə edilən problemlər qurumlarda ciddi işlərin aparılması ilə əlaqədardır: “Hesab edirəm ki, dünənki hadisə ötən illərdə baş verən hadisələrlə bağlı ola bilər. Onlar gələcək fəaliyyətlərini daha şəffaf, manipulyasiyadan uzaq, kimlərinsə onlardan istifadə etməsindən kənar formada qurmaq üzərində düşünə bilərlər”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Sosialşəbəkə   OsmanGündüz