BMT-nin Bakı Forumunda növbəti plenar sessiya keçirilib

  26 İyun 2019    Oxunub : 945
BMT-nin Bakı Forumunda növbəti plenar sessiya keçirilib
Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu iyunun 26-da işini davam etdirib.
Azvision.az xəbər verir ki, Misirin Qahirə Amerika Universitetinin Qlobal Məsələlər və Dövlət Siyasəti Məktəbinin professoru Laila El Baradeyin moderatorluğu ilə “Transformasiyanı şərtləndirən innovasiyalar” mövzusunda keçirilən plenar sessiyada "Gogontlejang Phaladi Ümid Sütunu" Təşkilatının (GPPHO) təsisçisi və icraçı direktoru Gogontlejang Faladi, "Blockchain Global" şirkətinin təsisçisi və baş icraçı direktoru Sam Li, Böyük Britaniyanın Telekommunikasiyalar Təşkilatının İKT üzrə İnkişaf Bölməsinin rəhbəri Gisa Fuatai Purcell, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin direktoru Tağı Tağızadə çıxış ediblər.

“İnnovasiyalar Mərkəzi”nin startapların və innovativ sahibkarlığın təşviqi üçün işlər gördüyünü deyən qurumun direktoru Tağı Tağızadə bildirib: "Startapların alət və məhsullarını biznesə gətirməyə çalışırıq. Burada müəyyən çətinliklər də var. Lakin ölkələr arasında körpü qurulması startaplara yeni investorların tapılmasına kömək edir. Startapların mal və məhsullarının bazara çıxarılması üçün infrastruktur yaradılması vacibdir. Azərbaycanda innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi fəaliyyət göstərir".

Mərkəzin direktoru qeyd edib ki, innovasiya və rəqəmsal texnologiyalar Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında mühüm rola malikdir. O, 2030-cu ilədək DİM-in bütün məqsədlərinə nail olunacağına ümid etdiyini bildirib.

Digər çıxış edənlər təmsil etdikləri qurumların gördüyü işlər haqqında ətraflı məlumat verib, forumun DİM-ə nail olunmasında əhəmiyyətli rol oynayacağına inandıqlarını diqqətə çatdırıblar.

Plenar sessiyanın ardınca Dövlət Sektorunun İnkişafı İnstitutunun Dövlət İslahatları üzrə eksperti Nik Thjis tərəfindən BMT-nin Dövlət Xidmətləri Forumunun nəticələrinə dair hesabat təqdim olunub.

Teqlər: ASAN-Xidmət   Forum   BMT